Nikol Paşinyan: “Ermənistan Azərbaycanla sülh danışıqlarına hazırdır”

Nikol Paşinyan Azərbaycanla sülh sazişi haqda danışıb

Şəklin mənbəyi, gov.am

Ermənistanın Baş naziri Nikol Paşinyan ölkəsinin Azərbaycanla sülh sazişi imzalamağa hazır olduğunu bildirib, lakin əlavə edib ki, bundan əvvəl bu sənəd danışıqlar nəticəsində tərtib olunmalıdır.

"Biz hesab edirik ki, bu danışıqlar baş tutmalıdır və Ermənistan buna hazırdır," - Paşinyan bazar ertəsi axşam internet vasitəsilə canlı yayımda keçirilən mətbuat konfransında deyib.

O xatırladıb ki, Ermənistanla Azərbaycan parlamentləri hələ 1992-ci ildə bir-birinin MDB çərçivəsində mövcud sərhədlərinin toxunulmazlığı və ərazi bütövlüyünü tanımaq haqqında sənədləri ratifikasiya ediblər, lakin, onun sözlərinə görə, bir çox məsələ və incəliklər həll olunmamış qalır və bunun üçün danışıqlar aparılmalıdır.

Türkiyə ilə münasibətlər barədə

Nikol Paşinyan 2022-ci ildə Türkiyə ilə Ermənistan arasında diplomatik münasibətlər yaradılmasını istisna etmir, amma buna ümidi azdır.

Türkiyə xarici işlər naziri Mevlüt Çavuşoğlı mart ayında Antalyada keçiriləcək diplomatik foruma Ermənistan nümayəndəsini də dəvət edib. Paşinyan deyib ki, bu dəvəti qəbul edə bilərlər, amma son qərar həmin vaxtdakı vəziyyətə uyğun veriləcək.

O bildirib ki, iki ölkə arasında münasibətlərin normallaşması üzrə davam edən danışıqlarda Ermənistan və Türkiyə xüsusi nümayəndələrinin Moskvadakı ilk görüşünün "müsbət dinamikası qorunub saxlanarsa", Ermənistan tərəfindən "böyük ehtimalla" Türkiyənin dəvəti qəbul ediləcək:

"Hər şey həmin vaxta təsadüf edən situasiyadan asılıdır. Ancaq xüsusi təmsilçilərin ilk görüşündən sonra Ermənistanın bu təklifi qəbul etməsi ehtimalı artıb. Belə bir imkanın və dialoq üçün fürsətin əldən buraxılması məntiqsizlik olardı," - Paşinyan deyib.

O, həmçinin 2022-ci ildə Türkiyə ilə diplomatik münasibətlər qurulmasına ümid etdiyini bildirib.

Baş nazir bunun 2022-ci ildə mümkün olmasını proqnozlaşdıra bilmədiyini deyib: "Çünki bu, tək bizdən asılı deyil. Lakin belə bir nəticə əldə etməyimiz - diplomatik münasibətlər yaratmaq və sərhədləri açmaq - məntiqi olardı".

O bu prosesin uzanmasının müvəffəqiyyət əldə etməyə maneə sayır:

"Biz qeyd-şərtsiz diplomatik münasibətlər yaratmaqda maraqlıyıq və belə imkan mövcuddur," - Paşinyan deyib.

Ermənistandan Moskva və Bakıya sərhəddə təhlükəsizlik təklifləri

Rəsmi Yerevan Ermənistan-Azərbaycan sərhədində təhlükəsizlik tədbirləri haqqında təkliflərini həm Moskvaya, həm də Bakıya təqdim edib.

"Təkliflər sərhədlərin demarkasiyasına deyil, sərhəddə təhlükəsizlik və sabitlik səviyyəsinin qaldırılması üzrə tədbirlərə aiddir. Söhbət, xüsusilə, mənim hələ 2021-ci ilin may ayında dediyim qoşunların simmetrik şəkildə geri çəkilməsindən gedir," - Paşinyan deyib.

O bu təkliflər haqqında Azərbaycan Prezidentinə Brüssel görüşü zamanı məlumat verdiyini bildirib.

"Hazırda müzakirələr davam edir və biz müzakirə prosesinə zərər vurmamaq üçün onun təfərrüatlarını açıqlamaq istəmirik," - Paşinyan qeyd edib.

O hesab edir ki, sərhədlərin demarkasiyası və delimitasiyası üzrə komissiya mümkün qədər tez yaradılmalıdır.