Ayətullah Əli Xamenei: İranın 37 illik dini lideri

Ayətullah Əli Xamenei

Şəklin mənbəyi, İran Ali liderinin ofisi

Oxuma vaxtı: 7 dəq

BBC News Azərbaycanca Xidmətinin hazırladığı xəbərləri, təhlilləri və videoları birbaşa WhatsApp Kanalımızda izləyin. Qoşulmaq üçün linkə klikləyin.

ABŞ Prezidenti Donald Tramp 28 fevralda İsraillə birlikdə İrana qarşı başlatdıqları hücumlarda İranın dini lideri Ayətullah Əli Xameneinin öldürüldüyünü açıqladı.

İsrailin Baş naziri Binyamin Netanyahu Xameneinin öldüyünə dair artan sayda işarə olduğunu dedi.

Daha sonra İran da Xameneinin ölümünü təsdiqlədi.

Hücumların ardından Tehranda minlərlə insan ABŞ və İsrail əleyhinə şüarlarla küçələrə çıxdı.

Digər tərəfdən, Netanyahunun açıqlamasından sonra bəzi iranlıların Xameneinin ölümünü qeyd etmək üçün küçələrə çıxdığı bildirildi.

Bəs 37 ildir İran İslam Respublikasının dini lideri və mərkəzi fiquru kimi tanınan Xamenei kimdir?

İlk illəri və dini təhsili

Xamenei 1939-cu ildə İranın müqəddəs şəhərlərindən biri olan Məşhəddə anadan olub. Atası nüfuzlu bir din xadimi idi. Xamenei də kiçik yaşlarından etibarən eyni yolu izləyib.

Məşhəddəki mədrəsələrdə təhsil aldıqdan sonra Şiə ilahiyyatının mərkəzi sayılan Quma köçdü.

Gələcəkdə həyatını formalaşdıracaq Ayətullah Ruhullah Xomeyni ilə də Qumda tanış oldu.

1960-cı illərin əvvəlində Xamenei, Xomeyninin İranda Şah Məhəmməd Rza Pəhləviyə qarşı apardığı müxalifət hərəkatına qoşuldu.

Şahın dünyəviləşmə siyasəti və avtoritar idarəçiliyi bir çox din xadimini hərəkətə gətirmişdi.

Xamenei etirazlara qatıldı, gizli dini təşkilatlanmalarda iştirak etdi və dəfələrlə həbs olundu.

Həbsxanada keçirdiyi dövr isə onun Xomeyninin irəli sürdüyü İslami dövlət modelinə bağlılığını daha da gücləndirdi.

Əli Xamenei, Ayətullah Xomeyni (sağda) və oğlu Əhməd Xomeyninin arasında oturub

Şəklin mənbəyi, Khamenei.ir

Şəklin alt yazısı, Əli Xamenei, Ayətullah Xomeyni (sağda) və oğlu Əhməd Xomeyninin arasında oturub

İran İslam İnqilabındakı rolu

WhatsApp reklamı-ı bağlayın və oxumağa davam edin
WhatsApp kanalımızı izləyin

BBC News Azərbaycancanın xəbərlərini indi telefonunuzda ala bilərsiniz.

Buradan izləyin

WhatsApp reklamı-ın sonu

16 yanvar 1979-cu ildə Şah devrilərək İranı tərk etdi. 1 fevral 1979-cu ildə Ayətullah Ruhullah Xomeyni sürgündən ölkəsinə qayıtdı və İran İslam Respublikası quruldu.

Xamenei inqilabi hakimiyyət daxilində mühüm mövqeyə yüksəldi.

Əvvəlcə keçid dövrünü idarə edən İnqilab Şurasında fəaliyyət göstərdi, daha sonra müdafiə nazirinin müavini oldu.

Sonradan İranın ən güclü qurumlarından birinə çevriləcək İnqilab Keşikçilərinin təşkilatlanmasında mühüm rol oynadı.

Xamenei İran İslam Respublikasında sürətlə yüksəldi, çünki həm Xomeyniyə sadiq idi, həm də intizamlı idi.

İnqilabın ilk illərində Tehranda cümə namazını qıldırır, 444 gün girov saxlanılan Tehrandakı ABŞ səfirliyinin əməkdaşlarını rejim adından ziyarət edə bilirdi.

Lakin Xomeyninin yüksəlişi tikansız bir gül bağı deyildi.

26 iyun 1981-ci ildə paytaxt Tehrandakı bir məsciddə çıxış edərkən törədilən bombalı hücum nəticəsində ağır yaralandı. Sağ qolu artıq daimi olaraq iflic qaldı.

30 avqust 1981-ci ildə Prezident Məhəmməd Əli Rəcai sui-qəsd nəticəsində öldürüldü.

Xamenei prezident seçildi.

Prezidentlik dövrü: Məhdud səlahiyyət, artan təsir

1981–1989-cu illər arasında Xamenei İranın Prezidenti kimi fəaliyyət göstərdi.

1980-ci ildə başlayan İran–İraq müharibəsi səkkiz il davam etdi.

Xameneinin dövründə İranda prezidentin səlahiyyətləri daha məhdud idi.

İcra hakimiyyəti prezidentlə baş nazir arasında bölüşdürülmüşdü.

Xamenei islahat tərəfdarı kimi gördüyü Baş nazir Mir Hüseyn Musəvi ilə tez-tez mübahisə edirdi.

Xamenei ilə Musəvi arasında iqtisadi və sosial siyasətlə bağlı fikir ayrılıqları uzun müddət davam etdi.

Buna baxmayaraq, Xamenei prezidentliyi dövründə İranın siyasi və təhlükəsizlik qurumlarında geniş əlaqə şəbəkəsi qurdu.

İnqilab Keşikçiləri, məhkəmə sistemi və mühafizəkar dini dairələrlə qurduğu əlaqələr Xameneinin sonradan hakimiyyətini möhkəmləndirməsində həlledici rol oynadı.

Ayətullah Əli Xamenei, 26 iyun 2025-ci ildə İranın ilk dini lideri Ayətullah Ruhullah Xomeyninin şəkili önündə xalqa müraciət edir.

Şəklin mənbəyi, EPA/Shutterstock

Şəklin alt yazısı, 26 iyun 2025-ci ildə İranın ilk dini lideri Ayətullah Ruhullah Xomeyninin şəkili önündə xalqa müraciət edir.

Gözlənilməz şəkildə dini liderliyə yüksəliş

İranın dini lideri Ayətullah Ruhullah Xomeyni 3 iyun 1989-cu ildə vəfat etdi.

Xamenei əvvəlcə bu vəzifə üçün təbii namizəd sayılmırdı.

Çünki nə İranda ən yüksək dini rütbəyə malik şəxs idi, nə də bir çox yüksək səviyyəli Ayətullahlar qədər dini nüfuza sahib idi.

Lakin İran Konstitusiyası bir gecədə dəyişdirildi və dini lider olmağın şərti "İslami elmlərdə yetərlilik" kimi müəyyənləşdirildi. Xamenei də ayətullah məqamına yüksəldildi.

Xameneinin İranın yeni dini lideri seçilməsi ölkədə bir çoxlarını təəccübləndirdi, lakin onun müxtəlif siyasi qruplar arasında bir uzlaşmanı təmsil etdiyi də həqiqət idi.

O, Xomeyninin irsinə sadiq və digər güclü fiqurlar üçün təhdid yaratmayan namizəd kimi görülürdü.

Vəzifəyə gələn kimi baş nazirlik postunu ləğv etdi, icra hakimiyyətini prezidentdə cəmləşdirdi və dövlətin bütün institutları üzərində təsirini artırdı.

Prezidentlərlə münasibətləri və siyasi mübarizələri

Xamenei dini liderliyi dövründə İranda altı prezidentlə çalışıb:

  • Haşimi Rəfsəncani (1989–1997)
  • Məhəmməd Xatəmi (1997–2005)
  • Mahmud Əhmədinejad (2005–2013)
  • Həsən Ruhani (2013–2021)
  • İbrahim Rəisi (2021–2024)
  • Məsud Pezeşkian (2024– )

Bu prezidentlərin hər biri müxtəlif formalarda Xameneinin avtoritetini sınağa çəkib.

Məsələn, Xatəmi siyasi və ictimai islahatlar, eləcə də Qərblə yaxınlaşma xəttini müdafiə edirdi. Xamenei və mühafizəkar qurumlar onun bir çox islahatlarının qarşısını aldı.

Əhmədinejad əvvəlcə Xameneiyə yaxın görünsə də, zamanla öz siyasi gücünü artırmağa çalışdı və aralarında fikir ayrılığı yarandı.

Ruhaninin ölkədə islahat təşəbbüsləri və azadlıqlarla bağlı tələbləri də Xamenei tərəfindən məhdudlaşdırıldı.

Yalnız Rəisi mühafizəkar ruhani kimi Xameneiyə ən yaxın prezident hesab olunurdu.

Lakin İranda prezidentlər dəyişsə də, Xamenei Konstitusiyanı Mühafizə Şurası kimi qurumlar vasitəsilə sistem üzərində nəzarətini qoruyub saxladı.

Şura seçkilərdə iştirak edəcək namizədləri yoxlama səlahiyyətinə malik idi.

Bu səlahiyyət tez-tez islahatçı namizədlərin veto edilməsi üçün istifadə olunurdu.

Daxili böhranlar və ictimai reaksiya

İranda Xameneinin liderliyi ciddi böhranlarla sınağa çəkildi.

1999-cu ildə "Salam" qəzetinin bağlanmasından sonra Tehran Universitetində başlayan nümayişlər və genişlənən tələbə etirazları 1979-cu il İran İslam İnqilabından sonra ölkədə ilk böyük kütləvi aksiyalar oldu.

2009-cu ildə Mahmud Əhmədinejadın yenidən prezident seçilməsindən sonra seçkilərdə saxtakarlıq iddiaları ilə və "Səsim haradadır?" şüarı altında milyonlarla insan küçələrə çıxdı. "Yaşıl Hərəkat" rejimi ciddi şəkildə sarsıtdı.

2017 və 2018-ci illərdə həyat bahalılığı, xüsusilə də yumurta qiymətlərinin artması etirazlara təkan verdi. Məşhəddə başlayan nümayişlərdə rejim əleyhinə şüarlar səsləndirildi.

2019-cu ildə isə benzinin qiymətinə 200 faizə qədər edilən artım 100-dən çox şəhərdə etirazlara səbəb oldu. "Qanlı Noyabr" zamanı təhlükəsizlik qüvvələrinin nümayişçilərə sərt müdaxiləsi nəticəsində yüzlərlə insan həyatını itirdi.

2020-ci ilin yanvarında İnqilab Keşikçilərinin səhvən Ukraynaya məxsus sərnişin təyyarəsini vurması və ardınca baş verən ört-basdır cəhdi böyük qəzəb doğurdu. Xamenei qurbanların ailələrinə başsağlığı versə də, ordunu müdafiə etdi.

Həmin il İran koronavirus pandemiyası ilə üzləşdi. Xamenei əvvəlcə təhlükəni kiçiltmiş, bunu "düşmənlərin şişirtdiyi məsələ" adlandırmışdı, lakin epidemiya qısa müddətdə regionun ən ağır böhranlarından birinə çevrildi.

2022 və 2023-cü illərdə isə növbə "Qadın, Həyat, Azadlıq" Hərəkatına çatdı. Məhsa Əmininin baş örtüsü qaydalarına əməl etmədiyi üçün saxlanıldıqdan sonra ölməsi İranın müasir tarixində ən uzunmüddətli rejim əleyhinə etirazlardan birinə çevrildi.

İran 2026-cı ilə də 2025-ci ilin son günlərində paytaxt Tehran şəhərində bazar tacirlərinin tətili ilə başladı və qısa müddətdə ölkənin bir çox bölgəsinə yayılan etiraz aksiyalarına səbəb oldu.

Etirazların səbəbləri arasında İran rialının ABŞ dollarına qarşı rekord səviyyədə dəyər itirməsi, əsas qida və ehtiyac məhsullarında kəskin qiymət artımı, bir çox şəhərlərdə işsizliyin yüksəlməsi və müəssisələrin bağlanması göstərilirdi.

İqtisadi səbəblərlə başlayan etirazlar bir neçə gün ərzində siyasi tələblərin də əlavə olunduğu daha geniş bir hərəkat halına gəldi.

Xüsusilə universitet tələbələri "Azadlıq" və "İslam Respublikasını istəmirik" kimi şüarlarla etirazlara qoşuldular.

Təhlükəsizlik qüvvələrinin müdaxiləsi nəticəsində onlarla insan həlak oldu, minlərlə şəxs saxlanıldı.

İran mediası etirazları "xarici qüvvələrin qəsdi" kimi xarakterizə etdi.

Xamenei isə etirazçıları "ABŞ Prezidenti Donald Trampı məmnun etməyə çalışan bir dəstə vəhşi" kimi qiymətləndirdi.

Tramp hökumət qüvvələrinin etirazçıları öldürməsi halında İranı "çox sərt şəkildə" vuracağı ilə hədələyirdi.

İranın Məşhəd şəhərində baş tutan son etirazlarda etirazçılar "Şah çox yaşasın!" şüarları səsləndiriblər

Şəklin mənbəyi, X

Şəklin alt yazısı, İranın Məşhəd şəhərində baş tutan son etirazlarda etirazçılar "Şah çox yaşasın!" şüarları səsləndiriblər

Xarici siyasətdə Qərblə gərginlik

İran 27 ildir müxtəlif dövrlərdə etiraz aksiyalarına səhnə olsa da, ölkənin dini lideri Xameneinin dünya görüşü uzun müddətdir Qərbə, xüsusilə də ABŞ-a etimadsızlıq üzərində formalaşıb.

1981-ci ildə İran prezidenti olarkən "liberalizm və Amerikanın təsiri altındakı solçularla mübarizə" vədi verən Xameneinin bu yanaşması dini lider olduğu dövrdə də dəyişmədi.

Xamenei 2015-ci ildə imzalanan nüvə sazişinə qarşı çıxmasa da, heç vaxt ABŞ-ın sazişə sadiq qalacağına inanmırdı.

ABŞ 2018-ci ildə sazişdən çıxdıqda Xamenei "Amerikaya etibar etməyin" xəbərdarlığını təkrarladı.

3 yanvar 2020-ci ildə ABŞ İraqda paytaxt Bağdad yaxınlığında beynəlxalq hava limanı ərazisində silahlı pilotsuz uçuş aparatı ilə konvoyu böyük hücuma məruz qoydu.

İran İnqilab Keşikçilərinin kritik bölməsi olan Qüds Qüvvələrinin komandiri, Baş general Qasım Süleymani də daxil olmaqla səkkiz nəfər öldürüldü.

Xamenei sui-qəsddən sonra ABŞ-a qarşı mövqeyini daha da sərtləşdirdi.

Süleymaninin dəfn namazını şəxsən qıldırdı və "intiqam" vədi verdi.

2023-cü il 7 oktyabrda Həmasın İsraildə törətdiyi hücumlardan sonra İran və Yaxın Şərqdə yaratdığı "müqavimət oxu" ağır zərbə aldı.

İsrailin hücumları nəticəsində Həmasın hərbi qabiliyyəti böyük ölçüdə məhv edildi; Livanda Hizbullah, Yəməndə Husilər, eləcə də İraq və Suriyada İran dəstəkli milis qüvvələri davamlı təzyiq altında qaldı və zəiflədi.

İran Prezidenti İbrahim Rəisi 19 may 2024-cü ildə Şərqi Azərbaycan əyalətində baş verən helikopter qəzasında həlak oldu.

İsrail Rəisinin dəfn mərasimi üçün Tehranda olan Həmasın siyasi lideri İsmayıl Haniyəni sui-qəsd nəticəsində öldürdü.

Haniyənin sui-qəsdini, Hizbullah lideri Həsən Nəsrallahın yenə İsrailin Beyrutda həyata keçirdiyi sui-qəsd nəticəsində öldürülməsi izlədi.

Və 8 dekabr 2024-cü ildə İranın Yaxın Şərqdəki ən önəmli müttəfiqi olan Suriyada 61 illik Bəşər rejimi sona çatdı, dövlət başçısı Bəşər Əsəd Rusiyaya qaçdı.

19 iyun 2025-ci ildə Tehranda İsrailin hava hücumları zamanı həyatını itirən İran Qızıl Aypara işçilərinin dəfn mərasimi

Şəklin mənbəyi, EPA-EFE/Shutterstock

Şəklin alt yazısı, 19 iyun 2025-ci ildə Tehranda İsrailin hava hücumları zamanı həyatını itirən İran Qızıl Aypara işçilərinin dəfn mərasimi

2025-ci il Xameneinin liderliyinin ən kritik dönüm nöqtələrindən biri oldu.

İsrailin İrana qarşı genişmiqyaslı hücumları və 12 günlük müharibə ölkənin hərbi və siyasi strukturunu silkələdi.

Müharibə zamanı Xameneinin günlərlə ortadan itməsi İranda və xaricdə onun liderlik qabiliyyəti və sağlamlıq vəziyyəti ilə bağlı intensiv fərziyyələrə yol açdı.

Müharibədə İranda yüzlərlə hərbi obyekt vuruldu, yüksək səviyyəli komandirlər və nüvə alimləri öldürüldü.

Bütün bu hadisələr Xameneinin nüfuzunu zəiflətdi.

Bu dövr Xameneinin liderliyinin ən böyük sınağı kimi tarixə keçdi.

İranın müasir tarixində müəyyənedici fiqur

Ayətullah Əli Xamenei 2009-cu ildə etdiyi çıxışında demişdi: "Mən yoxsul bir ruham, natamam bir bədənim var və siz mənə az da olsa şərəf verdiniz. Bütün bunları inqilab və İslam uğrunda fəda edəcəyəm."

Xamenei liderliyi boyunca İranın siyasi kimliyini, təhlükəsizlik qurumlarını və xarici siyasətini formalaşdırdı.

Bəziləri üçün o, inqilabın qoruyucusu idi, bəziləri üçün isə islahatların qarşısındakı ən böyük əngəl.

Lakin mübahisəsiz bir həqiqət var: İranın bugünkü quruluşunu və gələcəyini böyük ölçüdə Xameneinin qoyduğu irs formalaşdırıb.