ABŞ və İsrailin İranla müharibəsi: "Qorxuludur. Həqiqətən qorxulu" – Tehran sakinləri

Şəklin mənbəyi, Reuters
Müharibənin beşinci günündə İsrail İrana yeni zərbələr endirib və İrandan cavab gözləməsi barədə xəbərdarlıq edib.
ABŞ İran hərbi gəmisini torpedo ilə batırıb, amma gəmi barədə başqa detal verməyib.
Şri-Lankada İran hərbi gəmisi batıb, azı 140 nəfərin itkin düşdüyü bildirilir.
İnsan haqları qrupu deyir ki, İranda ölüm sayı 1097-ə çatıb, 181-i uşaqlardır.
NATO hava müdafiə sistemləri Türkiyə hava məkanına doğru irəliləyən İran raketini məhv edib.
Bu və digər xəbərləri aşağıda oxuyun.
"İran Prezident Trampı öldürməyə cəhd edib", ABŞ müdafiə katibi belə iddia edib.
Onun sözlərinə görə, çərşənbə axşamı ABŞ "Prezident Trampa sui-qəsd cəhdi edən bölmə rəhbərini" "ovlayıb öldürüb".
ABŞ Hind okeanında İran hərbi gəmisini "batırıb"
ABŞ Hind okeanında İran hərbi gəmisini torpedo ilə batırıb, ABŞ müdafiə katibi Pete Hegseth deyib.
Hegseth deyib ki, ABŞ Hind okeanında "beynəlxalq sularda təhlükəsiz olduğunu düşünən bir İran hərbi gəmisini" batırıb.
"Bunun əvəzinə, o torpedo ilə batırıldı".
Hegseth hücuma məruz qalan İran gəmisinin adını çəkməyib.
Müdafiə katibi bu gün Pentaqonda mətbuat konfransı keçirib və deyib:
"Daha böyük dalğalar gəlir, biz yeni başlayırıq".
Hegseth onu da deyib ki, İran liderləri ABŞ və İsrail müharibənin bitdiyinə qərar verənə qədər "ABŞ və İsrail hava qüvvələrini" görəcəklər.

Şəklin mənbəyi, EPA/Shutterstock

Şəklin mənbəyi, EPA

Şəklin mənbəyi, EPA

Şəklin mənbəyi, EPA
Türkiyəyə doğru irəliləyən İran raketi vurulub
Türkiyənin Müdafiə Nazirliyinin məlumatına görə, NATO hava müdafiə sistemləri Türkiyə hava məkanına doğru irəliləyən İran raketini məhv edib.
Türkiyə Müdafiə Nazirliyinin türk dilində yaydığı açıqlamada bildirilib ki, hadisə nəticəsində xəsarət alan və ya ölən yoxdur.
Nazirlik deyib ki, raketin "İraq və Suriya hava məkanından keçərək Türkiyə hava məkanına doğru hərəkət etdiyi aşkar edilib".
NATO üzvü olan Türkiyə bu açıqlamada "bütün tərəfləri bölgədə münaqişənin daha da genişlənməsinə səbəb olacaq addımlardan çəkinməyə" çağırıb.

Şəklin mənbəyi, Telegram
BBC Verify hava hücumundan sonra Tehranın şərqində böyük qara tüstü buludunun qalxdığını göstərən yeni fotonu təsdiqləyib.
Foto bu gün səhərə aiddir. Partlayış Həsəni məscidindən bir neçə küçə aralıda baş verib.
Nəyin vurulduğu və ya hər hansı bir itkinin olub-olmadığı məlum deyil.
İran hərbi gəmisi batıb: 140 nəfər itkindir

Şəklin mənbəyi, Reuters
Şri-Lankanın Hərbi Dəniz Qüvvələri bildirib ki, bu gün səhər saatlarında İranın "IRIS Dena" hərbi gəmisindən təcili yardım siqnalı aldıqdan sonra 32 nəfəri xilas ediblər.
"Təhlükə siqnalını aldığımızda və donanma gəmilərimiz hadisə yerinə gedəndə yalnız bir neçə xilasetmə qayığı gördük", - Şri-Lanka rəsmisi bildirib.
"Orada İran gəmisi yox idi. O, batmışdı.
Şri-Lankanın Hərbi Dəniz Qüvvələri təxminən 140 nəfərin itkin düşdüyü ehtimal edir.
Hadisənin səbəbi hazırda məlum deyil.
"Qorxuludur. Həqiqətən qorxulu" – Tehran sakinləri ABŞ‑İsrail hava zərbələrini təsvir edir

Şəklin mənbəyi, EPA
İsrail Tehranda rejimə qarşı yeni "genişmiqyaslı" hücumlara başladığını açıqlayarkən, BBC paytaxt sakinləri ilə əlaqə saxlayıb.
Tehranda yaşayan iki kişi çərşənbə axşamı günü axşamtərəfi keçirdikləri qorxu və çaşqınlığı təsvir edib.
30 yaşlarında bir kişi yazır:
"Partlayışları hələ də eşidirəm. Artıq bilmirəm, bunlar gerçəkdən davam edir, yoxsa qulaqlarımda səslənir. Yoruldum.
Rejim dəyişikliyi ehtimalı ilə bağlı artıq heç bir sevinc hissi yoxdur. Sadəcə yorulmuşam və bundan sonra nə olacağını bilmirəm".
20 yaşlarında digər sakin isə BBC-yə belə yazıb:
"Bu gün 30 partlayış səsi saydım. Hər gün əvvəlkindən daha pis olur. Bu gün evimizin içinə belə tüstü doldu.
Səncə, bunun sonu nə olacaq? Nə vaxt bitəcək? Mən sadəcə əmin-amanlıq istəyirəm və hamımız üçün sülh.
Bu çox qorxuludur. Həqiqətən qorxuludur. Yaxınlıqda hansı rəsmilərin yaşadığını bilmirəm. Ümid edirəm ki, onlara görə bizi vurmazlar".
Britaniya Kiprə hərbi gəmi göndərir - müdafiə üçün
Britaniya Kiprə HMS Dragon hərbi gəmisini göndərir.
BBC müxbiri Nick Johnson deyir ki, gəminin Kiprə çatması bir həftəyə qədər çəkə bilər.
Amma yola düşməzdən əvvəl gəmi əlavə silah-sursat götürüb, amma gəminin özünün də özünün xeyli silahı var. Buraya raket batareyaları da daxildir - biri 10 saniyədə təxminən səkkiz raket atır, müxbirimiz deyir.
HMS Dragon müdafiə məqsədləri üçün Kiprə göndərilir.
Bundan başqa, BBC müxbiri Jessica Parker yazır ki, Kiprin Limassol limanının yaxınlığında Yunan freqatı olduğunu düşündüyümüz bir şey gördük.
Bu, adadakı Britaniya hava bazasına dron hücumundan sonra Afinanın Kipri dəstəkləmək üçün göndərdiyi iki orta ölçülü hərbi gəmidən biridir.
Yunanıstan, Fransa və Britaniya hərbi qüvvələri ora pilotsuz təyyarələrə qarşı əməliyyatlara kömək etmək üçün yerləşdirilir.
İsrail: "Xameneinin xələfi öldürülə bilər"
Ayətullah Əli Xameneinin oğlu, Müctəba Xamenei-nin İrana hücumlardan sağ çıxdığı bildirilir, iki İran mənbəsi Reuters xəbər agentliyinə bildirib.
O, şənbə günü ABŞ-İsrail hücumunda öldürülən Əli Xameneinin ikinci böyük övladıdır.
The New York Times İran rəsmilərinə istinadən xəbər verir ki, Xameneinin oğlu Müctəba Xamenei yeni ali dini lider postu üçün əsas namizəddir və qərarın yaxın saatlarda verilə biləcəyi deyilir.
İsrailin müdafiə naziri İsrail Katz isə bildirib ki, İsraili məhv etmə planını davam etdirən, ABŞ-ı təhdid edən, eyni zamanda İran xalqını təzyiq altında saxlayan hər bir varis "şübhəsiz şəkildə, aradan götürüləcək hədəf" olacaq.
Xamenei-nin dəfn mərasimi ləğv olunub
İranın dövlət mediası Ali dini lider Ayətullah Əli Xamenei bildirib ki, Xamenei ilə dəfn mərasimi ləğv olunub.
Üç günlük dəfn mərasimi bu gün başlamalı idi və sosial mediada buna hazırlıqların aparıldığı görüntülər yayılıb.
Lakin, xəbərlərə görə, təşkilatçılar infrastruktur yaradılana qədər mərasimin təxirə salınacağını bildiriblər.
Mərasimin nə vaxt keçiriləcəyi ilə bağlı heç bir tarix açıqlanmayıb.
Səudiyyə Ərəbistanına dron hücumu

Şəklin mənbəyi, Vantor
Səudiyyə Ərəbistanının ən böyük neft emalı zavoduna - Ras Tanura-ya dron hücumu olub.
Müdafiə Nazirliyi bildirib ki, "İlkin hesablamalara görə, hücum dron tərəfindən həyata keçirilib və heç bir ziyana səbəb olmayıb".
Bazar ertəsi günü çəkilmiş peyk görüntüsü göstərir ki, neft emalı zavodu bundan əvvəl də İran hücumuna məruz qalıb.
İsrail Livanın cənubunda yaşayanlara təxliyə əmri verib

Şəklin mənbəyi, AFP
İsrail müharibənin 5-ci günündə regionda yeni bir hücum dalğası başladıb və İsrail Müdafiə Qüvvələrinin Hizbullahı və onun obyektlərini hədəf aldığını iddia etdiyi Livana edilən hücumlarda bir neçə nəfərin öldüyü bildirildi. Ordu hazırda Livanın cənubundakı mülki şəxslərə hərbi əməliyyatlardan əvvəl "dərhal" oradan çıxmağı əmr edir.
İran Qətərə raket atıb, biri ABŞ-ın ən böyük bazasında düşüb
Qətər bildirib ki, iki ballistic raketlə İranın hədəfi olub. Qətərin Müdafiə Nazirliyi raketlərdən birini dəf edildiyini, digərinin üçün ABŞ-ın Əl-Udaid hava bazasına düşdüyünü deyib.
Əl-Udaid ABŞ-ın Yaxın Şərqdə ən böyük bazasıdır.
Ölən və yaralılar yoxdur, Qətər bildirib.
Trump danışıqları "əmlak alqı-satqısı" kimi aparırdı" – İran XİN başçısı

Şəklin mənbəyi, Reuters
İranın xarici işlər naziri Abbas Əraqçı Tramp-ın "kininə görə danışıqlar masasını bombaladığını" bildirib.
Əraqçı sosial mediadakı paylaşımında yazıb ki, "ciddi nüvə danışıqlarına əmlak sövdələşməsi kimi yanaşılarsa, yalanlar reallığa bulud kimi kölgə salarsa, qeyri-real gözləntilər heç vaxt reallaşmaz".
Postun davamında iranlı nazir "Nəticə? Kinə görə danışıqlar masasını bombalamaq" deyə Tramp-ı ittiham edib.
O əlavə edib ki, Trump "diplomatiyaya və ona səs verən amerikalılara xəyanət edib".
İsrail Tehran boyunca "hərbi hədəfləri vurduğunu" deyir
İsrail Tehran boyunca onlarla hərbi hədəfi vurub, İsrail Müdafiə Qüvvələri sözçüsü Avichay Adraee deyib.
Onun sözlərinə görə, zərbələr raket buraxılış meydançaları və müdafiə sistemləri ilə yanaşı, İnqilab Keşikçiləri ilə əlaqəli hərbiləşdirilmiş qüvvə olan Bəsic qərargahını, eləcə də "rejimin quru qüvvələri ilə əlaqəli təchizat və logistika idarəsini" hədəf alıb.
Küveyt silahlı qüvvələri bildirib ki, ölkə raket və dron dalğası ilə mübarizə aparırlar.
İranda ölüm sayı 1097-ə çatıb, insan haqları qrupu deyir

Şəklin mənbəyi, Reuters
ABŞ-da mənzillənən İnsan Haqları Fəalları Xəbər Agentliyi (HRANA) bildirib ki, 28 fevraldan bəri İranda 1097 mülki şəxs öldürülüb. Onlardan 181-i 10 yaşadək uşaqlardır. Yaralıların sayı 5402-ə çatıb, 100 nəfəri uşaqdır.
HRANA onu da bildirib ki, 24 saatda azı 104 dəfə hücum olub. Zərbələr hərbi bazalara, tibbi mərkəzlərə və yaşayış yerlərinə edilib.
Bundan başqa, yüzlərlə başqa ölüm barədə məlumatlar araşdırılır.
İsrail ordusu İranın yeni hücum dalğasına cavab olaraq hücumlar həyata keçirdiyini açıqlayıb. Son bir neçə saat ərzində İsrail İrandan atılan raketlər barədə xəbərdarlıq edərək həyəcan təbili çalıb.
İsrail həm də Livandan atılan mərmi və raketləri dəf etdiyini bildirib, amma itkilər barədə məlumat verməyib.
Dubayda ABŞ konsulluğunun yanına "dron düşüb"
BBC News Azərbaycancanın xəbərlərini indi telefonunuzda ala bilərsiniz.
Buradan izləyin
WhatsApp reklamı-ın sonu
Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərindəki ABŞ konsulluğunun yaxınlığında pilotsuz təyyarənin hücumundan sonra yanğın baş verdiyini şəhər hökumətinin media ofisi təsdiqləyib.
Yanğın uğurla lokallaşdırılıb, deyə məlumatda bildirilir. "Təcili yardım qrupları dərhal hadisə yerinə gəlib. Xəsarət alanlar barədə məlumat verilməyib."
Sosial mediada paylaşılan videolarda binadan püskürən böyük alovlar və tüstü görünür.
Çərşənbə axşamı günü İran Səudiyyə Ərəbistanındakı ABŞ səfirliyinə zərbə endirib.
ABŞ Dövlət Katibi Marko Rubio konsulluq binasının yaxınlığındakı dayanacağa dron hücumunu təsdiqləyib.
"İçəri girərkən Dubay konsulluğu haqqında mediada da məlumatlar gördüm. Bu kameralara çatmazdan bir neçə saniyə əvvəl aldığım son məlumat, təəssüf ki, dronun Chancery binasının bitişik dayanacağına hücum etməsi və sonra orada yanğın törətməsi idi", - deyə o bildirib.
"Bütün personalın qeydiyyatı aparılır. Bildiyiniz kimi, bundan əvvəl diplomatik obyektlərimizdən personalın çıxarılması ilə məşğul olmağa başladıq", - deyə Rubio əlavə edib.
O deyir: "Lakin səfirliklərimiz və diplomatik obyektlərimiz terrorçu rejimin birbaşa hücumuna məruz qalır".
Konsulluq şəhərin sıx məskunlaşmış hissəsində - Britaniya səfirliyi və Səudiyyə Ərəbistanı konsulluğuna yaxın ərazidə yerləşir.
Fransa Kiprə freqat və əlavə hava hücumundan müdafiə vasitələri göndərəcək
Prezident Makron deyib ki, Fransa "bölgədəki dostlarımız və müttəfiqlərimizin yanında durmalıdır" və əlavə edib ki, ölkənin "məsuliyyəti yalnız müdafiə xarakterlidir".
O deyib: "Biz mümkün qədər tez sülhü bərpa etməyi hədəfləyirik".
Makron deyib ki, Fransa Kiprə əlavə hava hücumundan müdafiə vasitələri göndərməyə razılıq verib, o cümlədən bu axşam Kipr sahillərinə çatacaq Fransa freqatı - hərbi gəmi də.
"Şərqi Aralıq dənizinin təhlükəsizliyinin təmin edilməsi üçün Avropa müttəfiqlərimiz və tərəfdaşlarımızla koordinasiya edirik", - o əlavə edib.
Martın 3-də İsrail Tehrana geniş miqyaslı zərbələr endirdiyini deyib.
Bundan əvvəl İsrail hərbçiləri deyiblər ki, onlar İranın yüksək vəzifəli komandirini hədəfləyiblər.
Pakistan: Azı 300 iranlı sərhədi keçib
Pakistan deyir ki, ABŞ-İsrail hücumları başlayandan azı 300 İran vətəndaşı Pakistana keçib.
Pakistanın Bəlucistan əyaləti İranla sərhəddir və qaynar bir region hesab edilir. Bura separatçı qrupların vətənidir və onilliklərlə davam davam edən üsyanların şahidi olub.
Pakistan ABŞ ilə münasibətləri yaxşılaşdıqca, ötən il Prezident Trampı Nobel Sülh Mükafatına namizəd göstərib. Əksəriyyətin sünni olduğu ölkə olmasına baxmayaraq, Pakistanda İrandakı müharibəyə qəti şəkildə qarşı çıxan şiə icmaları var.
"Tehranın hər yeri vurulub" - yerli jurnalist
Tehranda olan jurnalist Məhəmməd Xatibi BBC Dünya Xidmətinə bildirib ki, "Bu, təkcə hərbçilərə deyil, həm də mülki şəxslərə qarşı sistematik hücumdur".
O deyir ki, şənbə günü münaqişə başlayandan bəri paytaxt Tehranın "hər yeri" ABŞ və İsrail hücumlarına məruz qalıb.
Buraya rabitə qüllələri, yayım stansiyaları və şəhərin Böyük Bazarı daxildir ki, Xatibi deyir ki, bu ərazilər "xarabalığa çevrilib".
ABŞ-İsrail hücumlarında həlak olan İranın Ali Dini Lideri Ayətullah Əli Xameneinin ölümünə reaksiyanın necə olduğu soruşulduqda, Xatibi qeyd edir ki, "kiçik qruplar" qeyd edir, lakin genişmiqyaslı etirazlar olmayıb.
O, həmçinin deyir ki, adətən belə etirazlara cavab verən hərbi və polis obyektlərinə edilən hücumlar edildiyi üçün onun təbirincə, "İran xaricindəki separatçılar və müxalifət qrupları" tezliklə İranda nümayişlərə çağıracaqlar.
Xatibi iddia edir ki, "əvvəldən plan bu [rejim dəyişikliyi] idi. Düşünürəm ki, nüvə məsələsi sadəcə bəhanə idi."
Xatırlatma: Beynəlxalq mediaya tez-tez İrana viza verilmir, bu xarici jurnalistlərin orada məlumat toplamaq imkanlarını ciddi şəkildə məhdudlaşdırır.
İsraillilər "müharibəni zərurət sayırlar"
BBC-nin Qüds/Yerusəlimdəki Yaxın Şərq müxbiri Yolande Knell yazır ki, israillilərin 59 faizi İrana potensial hücuma qoşulmağı dəstəkləyir, İsrailin 12-ci Kanalının fevral ayının sonlarında apardığı sorğu nəticələrində belə deyilir.
Lakin düşünülür ki, xüsusilə İranın Ali Dini Lideri Ayətullah Əli Xameneinin öldürülməsi kimi hərbi uğurlar və İsrail ilə ABŞ arasında güclü koordinasiya nəzərə alınmaqla dəstək səviyyəsi arta bilər.
Bir çox yəhudi israilli tərəfindən müharibə zərurət kimi qəbul edilir: İrandan gələn mövcud təhlükə ilə mübarizə aparmaq üçün bir fürsət və onun regional nümayəndələrini, xüsusən də Livan silahlı qrupu Hizbullah və Fələstin silahlı qruplarını daha da zəiflətməyin bir yolu kimi görünür.
Tramp: "Dedim ki, çox gecdir"
"Onlar danışmaq istəyir. Mən dedim ki, "Çox Gecdir""- ABŞ Prezidenti Donald Tramp bu gün sosial mediada yazıb.
"Onların hava hücumundan müdafiə, Hərbi Hava Qüvvələri, Hərbi Dəniz Qüvvələri və Rəhbərliyi yoxdur", Prezident Tramp əlavə edib.
İranın Cenevrədə, BMT-dəki səfiri Əli Bəhreyni buna xitabən deyib ki, "hələlik danışıqların faydalılığına çox şübhə ilə yanaşırıq", Reuters yazıb.

Şəklin mənbəyi, AFP
Tehranda həyat: ərzaq məhsulları qiymətinin artması və bahalıq
BBC Farsçadan həmkarımız Qönçə Həbibazad Tehran sakinləri ilə danışa bilib.
"Tehranda danışdığım insanlar deyirlər ki, hücumlar baxımından bu səhər paytaxtın bəzi hissələri bir günə nisbətən daha sakit görünürdü.
Lakin bəzi insanlar müharibə davam etdikcə ərzaq məhsullarının qiymətlərinin artmasından və bahalıqdan narahatdırlar.
"Ehtiyatımızı yığmalıyıq, çünki bunun nə qədər davam edəcəyini bilmirik. Narahatıq ki, zəruri əşyaların tükənəcə," sakinlərdən biri mənə deyib.
Başqa biri isə deyir ki, "kartof da daxil olmaqla, zəruri əşyaların qiymətləri artıb."
İnternet kəsintiləri səbəbindən ölkə daxilində nələrin baş verdiyini aydın şəkildə görmək çox çətindir. Danışdığım insanlarla ancaq bir neçə anlıq əlaqə saxlaya bilirəm."
İran mediası yazıb ki, "hökumətin zəruri məhsulların təminatına üstünlük vermək qərarına uyğun olaraq", bütün ərzaq və kənd təsərrüfatı məhsullarının ixracı "növbəti xəbərdarlığa qədər" qadağan edilib.
İsrail ordusu İran prezidentinin ofisini vurduğunu bildirir
İsrail ordusu hava qüvvələrinin İran prezidentinin ofisini vurduğunu açıqlayıb.
İsrail Müdafiə Qüvvələri Telegram-da verdiyi açıqlamada Prezident Aparatına və Ali Milli Təhlükəsizlik Şurasına "çoxsaylı sursat" atıldığını bildirir.
Məlumatda deyilir ki, hərbi təlim müəssisəsi və "əlavə əsas rejim infrastrukturu" da vurulub.
İsrail bildirib ki, İranın keçmiş Ali Lideri Ayətullah Əli Xamenei də binadan istifadə edərdi.
Xamenei həftəsonu ABŞ-İsrail hücumları nəticəsində öz iqamətgahında öldürülüb.
İranda son 4 gündə ölənlərin sayı açıqlanıb
İranın Qırmızı Aypara Cəmiyyəti bildirib ki, şənbə günü ABŞ-İsrail hücumları başlayandan bəri ölkədə azı 787 nəfər öldürülüb.
ABŞ mənzilli İranda İnsan Haqları Fəalları təşkilatı azı 742 nəfər mülki şəxsin öldürüldüyünü deyib, onlardan 176-sı uşaqdır.
İran Parlamentində Səhiyyə Komissiyasının üzvü Fatimə Məhəmmədbeiqi deyib ki, bazar ertəsi günü İranda 9 hospitala hücum olub.
İsrail Tehranda Qandhi xəstəxanasını hədəfləməsi barədə ittihamları rədd edib.
İran Xarici İşlər Nazirliyi martın 3-də İsrail və ABŞ-ı yenidən eyni hospitalı hədəf almaqda ittiham edib.

Şəklin mənbəyi, Telegram/VahidOnline
BBC Verify paytaxtın şərqində, Tehran əyalətinin Pardis şəhərində partlayışların və tüstü qalxmasının yeni görüntülərini təsdiqləyib.
BBC Verify-dan Emma Pengelly və Paul Brown yazır ki, tüstülənən ərazinin peyk görüntülərini nəzərdən keçiriblər, amma potensial hədəfi müəyyən edə bilməyiblər.
Omanda yanacaq çəninə yeni dron hücumu
Omanda Duqm limanındakı yanacaq çəni dron hücumuna məruz qalıb, insan itkisi yoxdur, hadisə nəzarət altındadır, ölkənin rəsmi mediası bildirib.
Həftəsonu eyni liman dronlarla hədəfə alınmışdı, o vaxt bir işçinin yaralandığı bildirilib.
Oman illərdir ABŞ-İran danışıqlarında əsas vasitəçi olub - ən sonuncusu ötən ay ölkədə baş tutub və İranın xarici işlər naziri Abbas Əraqçi Oman vasitəçiliyilə aparılan müzakirələri "yaxşı başlanğıc" adlandırıb.
İsrail: Quru qoşunları "Livanda əlavə strateji əraziləri ələ keçirəcək"

Şəklin mənbəyi, Reuters
İsrailin müdafiə naziri İsrael Katz deyib ki, baş nazir Benyamin Netanyahu ilə birlikdə "İsrail sərhəd icmalarına atəş açılmasının qarşısını almaq üçün hərbçilərə Livanda əlavə strateji ərazilərə irəliləmək və ələ keçirmək səlahiyyəti veriblər".
"İDF Livandakı Hizbullah hədəflərinə qarşı güclü əməliyyatlar aparmağa davam edir. Terror təşkilatı İsrailə atəş açması üçün ağır bir bədəl ödəyir - və ödəməyə davam edəcək".
Katz onu da deyib ki, İsrail "sərhəd icmalarını müdafiə etməkdə" qərarlıdır: "Biz Qalileya icmalarına təhlükəsizlik vəd etmişdik və biz bunu yerinə yetirəcəyik".
Hizbullah İsrailin üç hərbi obyektinə hücum etdiyini iddia edir
İranın dəstəklədiyi silahlı qrup olan Hizbullah İsrailin üç hərbi obyektinə hücum etdiyini bildirir.
Telegram-dakı üç ayrı paylaşımda Hizbullah, Golan Təpələrindəki Nəfah bazasına raketlərlə, eləcə də İsrailin şimalındakı Meron və Ramat David hava bazalarına dronlarla zərbə endirdiyini bildirir.
İsrail ordusu açıq-aşkar hücumlarla bağlı heç bir şərh verməyib.
İsrail Tehran və Livana zərbələrə başlayıb
İsrail Müdafiə Qüvvələri İrana və Livana zərbələr endirdiyini təsdiqləyib.
"İDF hazırda Tehran və Beyrutun hərbi hədəflərinə eyni vaxtda hücumlar həyata keçirir", qurum bildirib.
İsrail Müdafiə Qüvvələrinin sözçüsü Avichay Adraee bu hücumları "genişmiqyaslı hava hücumları dalğası" adlandırıb.
Livana zərbələrdən bir saat əvvəl İsrail Beyrutun cənubunda və yaxın kəndlərdə yaşayan insanlara "təcili təxliyə xəbərdarlığı" vermişdi.
Bundan başqa, Səudiyyə Ərəbistanı Müdafiə Nazirliyinin məlumatına görə, Ər-Riyaddakı ABŞ səfirliyi iki dron tərəfindən vurulub və bu, "məhdud" yanğına səbəb olub.
İran dövlət mediası Bəhreyndəki ABŞ hava bazasındakı komandanlıq və qərargah binasının dağıdıldığını bildirir.
İran rəsmisi qlobal enerji təchizatı üçün önəmli marşrut olan Hörmüz boğazından keçməyə çalışan istənilən gəmini "yandırmaqla" hədələyib.
ABŞ dövlət katibi Marko Rubio dünən deyib ki, ABŞ ordusunun İrana qarşı "ən ağır zərbələri" hələ olmayıb. Müharibə başlayandan bəri altı ABŞ hərbçisi həlak olub, yaralılar var.
İran mediası Bəhreyndəki ABŞ hava bazasındakı komandanlıq və qərargah binasının dağıdıldığını bildirir
İran İnqilab Keşikçiləri Korpusuna (SEPAH) bağlı Fars xəbər agentliyi uzaq hədəflərdə raket dalğasının partladığı göstərən videolar yayıb.
İran iddia edib ki, SEPAH-ın dronu və raket hücumu Bəhreynin Şeyx İsa bölgəsindəki ABŞ komandanlıq və qərargah binasını dağıdıb və yanacaq çənlərinin partlamasına səbəb olub.
ABŞ bu məlumata hələ ki, reaksiya verməyib.
Daha əvvəl Bəhreyndə ABŞ-ın idarə etdiyi dəniz bazasından tüstü qalxdığını göstərən görüntülər yayılıb.
ABŞ Dövlət Departamenti Amerika vətəndaşlarına Yaxın Şərqdəki digər ölkələrlə yanaşı, Bəhreyni də dərhal tərk etməyi əmr edib.
Qətər: hücumlara görə maye qaz istehsalı dayanıb
Qətər hücumlardan sonra maye qaz istehsalını dayandırıb.
Qətərin dövlətə məxsus enerji şirkəti QatarEnergy açıqlayıb ki, İranın bəzi obyektlərinə hücum etməsindən sonra mayeləşdirilmiş təbii qazın istehsalını dayandırıb.
Hücumların ölkənin quruda yerləşən əsas qaz emalı bazası Ras Laffan və Qətərin təbii qaz istehsalında digər mühüm obyekti Mesaieed-i hədəf aldığı bildirilib.
Qətər ABŞ, Avstraliya və Rusiya ilə birgə dünyanın ən böyük maye qaz istehsalçıları siyahısında yer alır.
İranın dövlət televiziyası: Ali dini liderin arvadı öldürülüb
İranın Kanal2 televiziyası bildirib ki, Ali dini lider Xameneinin arvadı Mənsurə Xocəstə Bağırzadə də "evində öldürülüb".
İran mediası daha əvvəl Bağırzadənin komada olduğunu bildirmişdi.
Bundan əvvəl İran mediası Xameneinin qızı, qız nəvəsi və kürəkəninin öldürüldüyünü xəbər vermişdi.
Xamenei və arvadının 6 uşağı - dörd oğlu və iki qızı olub.
İran 7 generalının öldüyünü açıqlayıb
İranın İslam İnqilabı Keşikçiləri Korpusuna bağlı Tasnim xəbər agentliyi ilk dəfə olaraq silahlı qüvvələrin yeddi komandirinin ölümünü təsdiqləyən siyahı dərc edib.
Siyahı aşağıdakı kimidir:
- Briqada generalı Məhəmməd Şirazi, Baş Komandan Ofisinin rəhbəri
- Briqada generalı Saleh Əsədi, Silahlı Qüvvələr Baş Qərargahının Kəşfiyyat üzrə müavini
- Hərbi Hava Qüvvələrinin pilotu general-mayor Möhsün Dərəbbaği, Silahlı Qüvvələrin Lojistik və Dəstək üzrə müavini
- Briqada generalı Əkbər İbrahimzadə, Baş Komandan Ofisinin rəhbərinin müavini
- Briqada generalı Qulamrza Rezaiyan, Fərəcə Kəşfiyyat Təşkilatının (Hüquq-mühafizə orqanları komandanlığı) rəhbəri
- Briqada generalı Bəhram Hüseyni Motlaq, Silahlı Qüvvələr Baş Qərargahının Planlaşdırma və Əməliyyatlar İdarəsinin rəisi, Əməliyyatlar üzrə müavini
- Briqada generalı Həsən-Əli Tacik, Silahlı Qüvvələr Baş Qərargahının Lojistik İdarəsinin rəisi
NATO-nun baş katibi: ""Bu, açıq-aydın amerikalılar və israillilər tərəfindən idarə olunan bir əməliyyatdır".
BBC-nin NATO qüvvələrinin iştirak edib-etməyəcəyi ilə bağlı sualına baş katib Mark Rutte belə cavab verib: "Xeyr, bu, açıq-aydın amerikalılar və israillilər tərəfindən idarə olunan bir əməliyyatdır".
O əlavə edib ki, "indi gördüyümüz" şey, NATO müttəfiqlərinin və "bölgədəki dostlarının" İran tərəfindən "ayrı-seçkilik edilməyən hücumlara" məruz qalmasıdır, ona görə də onlar bu vəziyyətdə əllərindən gələni edirlər.
O, BBC News-a verdiyi açıqlamada Avropanın ABŞ-ın İrandakı hərəkətlərini "tamamilə dəstəklədiyi" bildirilib.
Rutte İranın Avropa, İsrail və ətraf bölgə üçün "təhdid" olduğunu vurğulayıb və əlavə edir ki, Avropa bu həftə sonu İranda keçirilən əməliyyatlardan sonra "həqiqətən də addım atır".
Keir Starmerin ABŞ-ın Böyük Britaniya bazalarından İrana qarşı "müdafiə" hücumları üçün istifadə etməsinə icazə vermək qərarının çox gec olub-olmadığı soruşulduqda, o, icazə verilməzdən əvvəl "hüquqi məsələlərin" həll edilməli olduğunu başa düşdüyünü söyləyib.

Şəklin mənbəyi, EPA
Livan ölkədə "Hizbullah"ın "silahlı fəaliyyətini qadağan edib"
Livan hökuməti ölkədə "Hizbullah"ın silahlı fəaliyyətini qadağan edib, ölkənin baş naziri açıqlayıb.
Bu qərar qruplaşmanın uzun müddətdir mövcud olan paralel hakimiyyətinə qarşı indiyə qədərki ən açıq çağırışlardan biri hesab olunur.
Addım "Hizbullah"ın bazar ertəsi günü İsrailə tərəf dövlətlə məsləhətləşmədən həyata keçirdiyi raket hücumlarından sonra atılıb və bu, hökumətin regional gərginlikdən yayınmaq siyasətini birbaşa zərbə altında qoyub.
Bu vəziyyətin praktiki olaraq necə inkişaf edəcəyi isə hələlik aydın deyil, çünki Hizbullah İsraillə son münaqişəyə baxmayaraq, silahlı olaraq qalır.
Ciddi təhlükəsizlik tədbirləri, boş küçələr: Tehran və Kərəcdəki vəziyyət

Şəklin mənbəyi, Reuters
İranlılarla əlaqə yaratmaq adi vaxtda belə çətindir. Beynəlxalq media tez-tez viza problemi ilə üzləşir. Viza verilmədiyi üçün onların orada məlumat toplamaq imkanları ciddi şəkildə məhdudlaşır.
Uzaqdan, İranda olan iki mənbədən hazırki vəziyyətlə bağlı eşitdiyim odur ki, Tehranda və paytaxt yaxınlığındakı Kərəc şəhərində gecələr küçədə təhlükəsizlik qüvvələrinin güclü nəzarəti müşahidə olunur.
Bir nəfər bildirib ki, gərginlik başladıqdan bəri qiymətlər bahalaşıb və küçələr əsasən boşdur.
Əhali hazırda davam edən internet kəsintisindən narazıdır - İnterneti izləyən NetBlocks qrupunun məlumatına əsasən bu kəsinti 48 saatdan artıq müddətdir davam edir.
Küçədə sakitlikdir, anacaq çörəkxanalar və yanacaqdoldurma məntəqələri doludur.
Bu arada, İsrail Müdafiə Qüvvələri bildirib ki, bazar günü yaxınlıqdakı hərbi infrastruktura edilmiş hücum nəticəsində Tehrandakı bir xəstəxanaya "yüngül əlavə ziyan" dəyməsi barədə məlumatlar var.
İsrail Müdafiə Qüvvələri açıqlayıb ki, xəstəxana hücum hədəfi olmayıb.

Şəklin mənbəyi, Reuters
İsrail Müdafiə Qüvvələri bildirib ki, Tehrana "əlavə geniş hücumlara" başlayıb.
Qurum bildirib ki, məqsəd "İranın terrorçu rejim hədəflərini" vurmaqdır.
İsrailin Müdafiə Qüvvələri başqa bir bəyanatında bildirib ki, İranın İsrail məsələləri üzrə kəşfiyyat nazirinin müavini Səid Yahya Həmidi öldürülüb.
Məlumatda o da qeyd olunur ki, kəşfiyyat nazirliyinin casusluq idarəsinin rəhbəri Calal Pur Hüseyn də digər öldürülmüş "rejim rəsmiləri" arasındadır.
Açıqlamada onların necə, nə vaxt və harada öldürüldüyü barədə məlumat yoxdur.
İsrail Müdafiə Qüvvələri əlavə edir ki, İranın Kəşfiyyat Nazirliyinin Tehrandakı baş qərargahı da "bir az əvvəl" vurulub.
İranda isə İnqilab Keşikçiləri Korpusu mümkün etirazlarla bağlı xəbərdarlıq edib.
İrandan BBC-yə göndərilmiş iki mesajın surəti göstərir ki, İnqilab Keşikçiləri Korpusu iranlılara küçə etirazlarına qoşulmamağı məsləhət görüb.
Mesajlar istənilən etirazın küçədə "düşmən tərəfindən planlaşdırılmış ixtişaş" olduğunu və təhlükəsizliyi pozan istənilən addımın "düşmənlə birbaşa əməkdaşlıq" kimi qiymətləndiriləcəyi xəbərdarlığını ehtiva edir.
Başqa bir mesajın mətnində İnqilab Keşikçiləri vətəndaşlara səslənərək, onlardan təhlükəsizlik əleyhinə hadisələri bildirməyi istəyib.
Ayətulla Əli Xameneyinin ölümündən bəri BBC-nin təsdiqləyə bildiyi videolarda bir neçə şəhərin küçələrində bayram edildiyi müşahidə olunur.
Eyni zamanda, İran mediası bildirib ki, Tehran və digər şəhərlərin küçələrində həm də matəm keçirilir.
Hazırda İranda internet hələ də bir çoxları üçün əlçatımlı deyil. Buna görə də əslində daxildə nə baş verdiyini dəqiq bilmək çətindir. İranda yalnız bəzi şəxslər Starlinklə peyk internet xidmətindən istifadə edə bilir.
İranın Qızıl Aypara Cəmiyyəti bildirib ki, ABŞ və İsrailin İranın 130-dan çox şəhərinə etdiyi hücumların nəticəsində 550-dən çox insan öldürülüb.
Kipr: Britaniya bazasına istiqamətlənmiş 2 dron vurulub
Britaniyanın Kiprdəki RAF Akotiri bazasına istiqamətlənmiş iki dron zərərsizləşdirilib - Kipr hökuməti bildirib.
Cənubi Kiprdəki Britaniya hərbi bazasında hava həyəcanı səsləndirilib.
Bu İran dronunun ötən gecə Britaniya hərbi bazasına çırpılmasından sonra baş verib. Həmin vaxt bazaya kiçik maddi zərər dəydiyi açıqlanıb.
Paşinyan İrana görə işçi qrup yaradıb
Ermənistan Təhlükəsizlik Şurası İran və daha geniş Yaxın Şərq ətrafında artan hadisələrin potensial təsirini qiymətləndirmək və idarə etmək üçün xüsusi işçi qrupu yaradıb.
Ermənistan Təhlükəsizlik Şurası bildirib ki, işçi qrupu Ermənistan üçün mümkün nəticələrin azaldılmasına diqqət yetirəcək.
Baş nazir Nikol Paşinyan martın 1-də Təhlükəsizlik Şurasının təcili iclasını çağırıb.
Martın 1-də Armenpress-in YouTube kanalında yerləşdirilən videoda İran-Ermənistan sərhədindəki Aqarak sərhəd keçid məntəqəsi göstərilib. Burada yük maşınları və kiçik qruplar nəzarət məntəqəsindən keçməyə davam edib.
İsrail Beyrutun cənubundakı binalarda yaşayanları olduqları yeri təcili tərk etmək əmri verib.
"Təcili təxliyə olunun" - xəbərlərdə bildirilib.
İsrail deyib ki, tezliklə Hizbullah ilə əlaqəli Əl-Qard Əl-Hassan Assosiasiyasına (AQAH) hücum edəcəklər.
Hizbullah nədir?
Hizbullah İranın dəstəklədiyi güclü şiə-islamçı qruplaşmadır. İran onilliklərdir İsrailə qarşı mübarizə aparmaq üçün onu silahlandırır, maliyyələşdirir və təlim təlimatlandırır. Qruplaşma 80‑ci illərdən bəri İsraillə dəfələrlə toqquşub. Ən son belə qarşıdurma 2023–24-cü illərdə baş verib.
Son münaqişə Hizbullahın 7 oktyabr hücumundan sonra fələstinlilərə dəstək olaraq İsrail mövqelərini raket atəşinə tutması ilə başlayıb.
2023–24 münaqişəsi vaxtı Livan rəsmilərinə görə, ölkədə təxminən 4 min nəfər öldürülüb. Bir milyondan çox insan didərgin düşüb. İsrail isə həmin vaxt 80‑dən çox əsgərin və 47 mülki şəxsin öldüyünü açıqlamışdı.
Həmin münaqişə Hizbullahı xeyli zəiflətdi və 2024‑cü ilin noyabrında əldə olunmuş atəşkəs razılaşmasına əsasən, qruplaşma Cənubi Livandan geniş şəkildə geri çəkildi. Buna baxmayaraq, İsrail hələ də təhlükə saydığı hədəflərə zərbələr endirməyə davam edir.
İndi isə Hizbullahın yeni raket və dron hücumu və İsrailin buna cavabı həmin atəşkəsi təhlükə altına qoyur.
Həm Livan, həm də Şimali İsrail sakinləri kiçik qarşıdurmaların yenidən tammiqyaslı müharibəyə çevrilməsi ehtimalından narahatdırlar.
Münaqişə Livana yayılıb - İsrail və Hizbullah bir-birini vurub
Beyruta və Livanın cənubuna İsrail hücumlarından sonra azı 31 nəfər ölüb, 149 nəfər yaralanıb, Livanın Səhiyyə Nazirliyi bildirib.
İsrail ordusu bildirib ki, Hizbullaha qarşı bir neçə gün davam edəcək "hücum kampaniyası"na başlayıb.
"Bir neçə gün davam edəcək döyüşlərə hazırlaşmalıyıq. Güclü müdafiə hazırlığına və dalğa şəklində davamlı hücum hazırlığına ehtiyacımız var," İsrail Müdafiə Qüvvələrinin Baş Qərargah rəisi Eyal Zamir bildirib.
İsrail 50 şəhər və kənddə yaşayan livanlılara yerlərini tərk etməyə çağırıb.
Evlərini tərk etmiş bəzi livanlılar BBC-yə deyiblər ki, hara gedəcəklərini bilmirlər. Livanın cənubundan şimala doğru yollarda avtomobil tıxacları yaranıb.
Hizbullah İranın ali dini lideri Əli Xameneinin öldürülməsinin qisasını almaq üçün İsrailə raket və dronlar atəşi açdığını bildirib.
İsrail Müdafiə Qüvvələri bildirib ki, mərmilər İsrail ərazisindəki açıq ərazilərə düşüb.
İsrail Hizbullahı İran adından hərəkət etməkdə və İsraildə mülki şəxslərini hədəf almaqda ittiham edib.
Livan baş naziri Nəvaf Salam cənubi Livandan raket atılmasını tənqid edib. O deyib ki, "Arxasında hansı tərəfin dayanmasından asılı olmayaraq, cənubi Livandan raket atılması Livanın təhlükəsizliyini və əmin-amanlığını təhlükəyə atan və İsrailə hücumlarını davam etdirmək üçün bəhanələr verən məsuliyyətsiz və şübhəli bir hərəkətdir".
İsrail Müdafiə Qüvvələrinin Livana zərbələrin davam etdiyini və onların intensivləşəcəyini bildirib.
Bundan başqa, Qətər, Bəhreyn, Dubayda partlayışlar barədə xəbərlər yayılıb, AFP jurnalistlərinə istinadən xəbər yayıb.
İsrail bu səhər həmçinin bildirib ki, İrandan İsrailə doğru atılan raketlər müəyyən edilib.
İraqda Ərbil hava limanına göndərilmiş üç silahlı dron vurulub, təhlükəsizlik qüvvələri bildiib. ABŞ qüvvələri hava limanına yerləşiblər, AFP bildirib ki, baza yaxınlığında partlayış səsi eşidilib.
İsrail: "Livana quru əməliyyatlarla bağlı variantlara baxırıq"
İsrailin Müdafiə Qüvvələri bildirir ki, Livanda mümkün quru əməliyyatları ilə bağlı bütün variantların gözdən keçirildiyini bildirib.
Hizbullah İsraili vurduğuna görə, cəzası "ağır" olacaq, "Biz hazırıq, çox yaxşı hazırlaşmışıq", Israil Müdafiə Qüvvələrinin sözçüsü jurnalistlərə deyib.
O, bunun üçün 100 minə yaxın ehtiyatda olan əsgər, onlarla batalyon, briqada, diviziyanın şimal sərhədlərinin müdafiəsi üçün yerləşdirildiyini, eləcə də həm hücum, həm də müdafiədə bütün ehtimallara hazır olduqlarını vurğulayıb.
Səudiyyə Ərəbistanı: Dron zərbəsi ilə neft zavodunda baş verən yanğın "nəzarət altına alınıb"

Şəklin mənbəyi, Sosial media
Səudiyyə Ərəbistanı dövlət neft emalı zavoduna dron hücumu nəticəsində baş vermiş yanğının nəzarət altına alındığını açıqlayıb.
Ölkənin Energetika Nazirliyi yanğının dövlət neft şirkəti Aramco-nun idarə etdiyi Ras Tanura neftayırma zavodunda çıxdığını bildirib.
Nazirliyin yaydığı bəyanatda bildirilib ki, müəssisəyə "iki dronun zavod yaxınlığında məhv edilməsi nəticəsində düşən qalıqlar"ı cüzi zərər vurub.
Məlumata görə, yanğın dərhal söndürülüb və heç bir xəsarət alan və ya ölüm halı olmayıb.
BBC-nin təsdiqləyə bildiyi videolarda zavoddan alov və qalın tüstü qalxdığı görünür.
Səudiyyə Ərəbistanı uzun müddətdir ki, ABŞ və Qərb ölkələrinin hərbi qüvvələrinə ev sahibliyi edir və şənbə günü hökumət "aşkar və qorxaqcasına edilmiş İran hücumlarını" qınayan bəyanat yayıb.
Hökumətin məlumatına görə, Riyad bölgəsi ilə Şərq əyalətini hədəf almış bu hücumlar "uğurla zərərsizləşdirilib".
ABŞ hərbi təyyarəsi Küveytdə qəzaya uğrayıb
Martın 2-də ABŞ Mərkəzi Komandanlığı üç F-15 təyyarəsinin Küveyt üzərində qəzaya uğradığını, amma bunun "qəsdən edilmədiyini deyib".
Daha əvvəl Küveytdən gələn xəbərlərə görə, bu səhər bir neçə ABŞ döyüş təyyarəsi vurulub, Küveytin Müdafiə Nazirliyi bildirib.
Ekipaj üzvləri "xəsarətsiz xilas olub" və tibbi nəzarətdən keçmək üçün xəstəxanaya göndəriliblər. Onların vəziyyətinin stabil olduğu bildirilir.
Küveyt Müdafiə Nazirliyi bildirir ki, tərəfdaşı olduğu ABŞ-la "hadisənin təfərrüatı ilə bağlı" birgə iş aparılır və hadisənin baş verməsinin səbəbləri ilə bağlı təhqiqat davam edir.
AFP və Reuters xəbər agentliklərinin bu səhər verdiyi məlumatına görə, Küveytdəki ABŞ səfirliyinin ərazisindən və ya yaxınlığından tüstü qalxır.
Reuters bildirir ki, ərazidə yanğınsöndürənlər və təcili yardım maşınları görünüb.
Küveytdəki ABŞ səfirliyi insanlara səfirliyə gəlməməyi və evdə sığınmağı tövsiyə edir.
Səfirlik, həmçinin Küveytdəki ABŞ vətəndaşlarını "yerində sığınmağa, hücum halında təhlükəsizlik planlarını nəzərdən keçirməyə və gələcəkdə baş verə biləcək əlavə hücumlar halında ayıq-sayıq olmağa" çağırır.
O əlavə edir ki, ABŞ səfirliyinin əməkdaşları "yerində sığınırlar".
Britaniya İrana ilkin zərbələrdə iştirak etməyib - baş nazir

Britaniya Baş naziri Keir Starmer bildirib ki, Böyük Britaniya ABŞ-ın Britaniya hərbi bazalarından İranın raket mərkəzlərinə "müdafiə" zərbələri endirmək üçün istifadə etmək tələbini qəbul edib.
Lakin baş nazir bildirib ki, Böyük Britaniya "İraq səhvlərindən" dərs çıxarıb və İrana ilkin zərbələrdə iştirak etməyib və "indi hücum əməliyyatlarına qoşulmayacaq".
BBC başa düşür ki, ABŞ İranın raket mərkəzlərinə zərbə endirmək üçün Qlosterşirdəki RAF Fairford və Hind okeanındakı Dieqo-Qarsiyadan istifadə edəcək.
Kiprdə, Britaniya hərbi bazasına İran dronu düşüb

Şəklin mənbəyi, Reuters
Britaniyanın Kiprdəki bazasındakı qüvvələri dron hücumuna məruz qalıb. Müdafiə naziri BBC-yə deyib ki, hücum minimum zərərə səbəb olub.
Britaniya Müdafiə Nazirliyi onu da deyib ki, hərbçilərin ailə üzvləri Akrotiri bazasından çıxarılacaq.
Kipr Prezidenti Nikos Christodoulides ölkənin cənubunda yerləşən Britaniya hərbi bazasına dron hücumunu təsdiqləyib.
O, X sosial media hesabında yazıb ki, gecə yarısından bir az sonra "Şahed pilotsuz uçuş aparatı" Akrotiridəki Böyük Britaniya hərbi obyektlərinə düşüb və "kiçik maddi ziyana səbəb olub".
"Şahed"lər İran dronlarıdır.
Prezident Avropa liderləri və digər ölkələrin liderləri ilə "daimi əlaqədə" olduğunu söyləyir. O, əlavə edir ki, Kipr "heç bir hərbi əməliyyatın bir hissəsi olmaq niyyətində deyil"
4 amerika hərbçisi ölüb, yaralılar var
ABŞ Mərkəzi Komandanlığı bildirib ki, İrana hücumlar başlayandan bəri azı 4 ABŞ hərbçisi həyatını itirib, yaralılar var.
ABŞ-ın İrana qarşı əməliyyatını elan edərkən Prezident Tramp xəbərdarlıq etmişdi ki, "Amerika qəhrəmanları həyatlarını itirə bilər və itkilərimiz ola bilər. Bu, müharibədə tez-tez baş verir".
ABŞ Prezidenti Donald Tramp deyib ki, "Döyüş əməliyyatları hazırda tam gücü ilə davam edir və bütün hədəflərimizə çatanadək davam edəcək. Birləşmiş Ştatlar Mərkəzi Komandanlığı İrana qarşı hərbi əməliyyatlarda üç amerikalı hərbçinin öldüyünü açıqlayıb. Təəssüflə bildirməliyəm ki, böyük ehtimalla, əməliyyatlar başa çatanadək itkilər daha çox olacaq".
İranın İsrailə "ən ölümcül" hücumu

Şəklin mənbəyi, AFP
İranın martın 1-də İsrailə endirdiyi raket zərbələrindən biri Beyt Şemeş şəhərində yaşayış sahəsinə düşüb.
Nəticədə 10-a yaxın insanın öldüyü, 20-dən çox şəxsin yaralandığı bildirilir.
Əraziyə İsrailin təhlükəsizlik və xilasetmə komandaları cəlb olunub.
Raket insanların sığınacaq kimi istifadə etdiyi sinaqoqu dağıdıb.
İsrail rəsmiləri bunu İranın indiyədək qeydə alınan ən ölümcül hücumu kimi qiymətləndiriblər.
İsrail və Birləşmiş Ştatlar fevralın 28-dən etibarən İrana hava zərbələri endiriblər.
Buna cavab olaraq isə, İran da İsrailə raketlər atıb.
Xamenei öz ofisində öldürülüb - İran dövlət televiziyası

Şəklin mənbəyi, Getty Images
İranın ali dini lideri Ayətullah Xamenei öz ofisində öldürülüb, İranın dövlət televiziyası bildirib.
"İranın böyük milləti, İranın böyük millətinin böyük ruhu və İslam ümmətinin böyük lideri İmam Xamenei Ramazan ayının mübarək günlərində şəhidlik şərbətini içərək ən uca məqama qovuşdu", dövlət televiziyasının aparıcısı elan edib.
İranın Ali Milli Təhlükəsizlik Şurası bildirib ki, Ayətullah Xamenei şənbə günü səhər saatlarında ofisində "vəzifələrini yerinə yetirərkən" öldürülüb.
Onun ölümü ilə əlaqədar ölkədə 40 gün matəm və 7 günlük qeyri-iş günü elan edilib.
IRINN dövlət televiziyası onu da bildirib ki, hücumda Xameneinin qızı, kürəkəni və nəvəsi də öldürülüb.
Bəzi iranlılar Ayətullah Əli Xameneinin öldürülməsi xəbərini sevinclə qeyd edir, digərləri isə yas tuturlar.
İsfahan küçələrində iranlıların sevinc səsləri və avtomobil siqnal səslərinin eşidildiyi görüntülər yayılıb.
Etirazlarda öldürülmüş iranlıların ailə üzvləri də bu xəbəri sevinclə qeyd ediblər.
Tehranda isə hökumət tərəfdarları bu səhər Əli Xamaneinin yasını tutmaq üçün tədbirlər keçirməyə başlayıblar.
Şənbə günü Prezidenti Donald Tramp və İsrail Baş naziri Benyamin Netanyahu Xameneinin öldürülməsi barədə məlumatlar yaysa da, İran dövlət televiziyası bunu bazar günü səhər saatlarında təsdiqləyib.
Fevralın 28-də ABŞ və İsrail İrana hücum edib.
Xameneinin səlahiyyətlərini bundan sonra İran prezidenti Məsud Pezeşkian, məhkəmə sisteminin rəhbəri və İslam İnqilabı Keşikçiləri Şurasının hüquqşünaslarından biri icra edəcək.
Azərbaycan İrana başsağlığı verib: "Ərazimizin İrana qarşı istifadəsi mümkün deyil"
Prezident İlham Əliyev iranlı həmkarı Prezident Məsud Pezeşkiana ölkənin Ali dini Lideri Ayətullah Seyid Əli Xameneinin ölümü ilə bağlı başsağlığı verib.
"İran İslam Respublikasının Ali Rəhbəri Ayətullah Seyid Əli Xameneinin faciəvi vəfatı xəbəri bizi dərindən kədərləndirdi.
...Onun vəfatı İran üçün böyük itkidir. Bu çətin gündə dost və qardaş İran xalqına sülh, sabitlik və əmin-amanlıq arzulayırıq", məktubda yazılıb.
Bundan başqa, Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov İran Ali dini lideri Ayətullah Seyid Əli Xameneinin və mülki insanların həlak olması ilə bağlı iranlı həmkarı Seyid Abbas Əraqçiya başsağlığı verib.
Onların telefon danışığı barədə məlumatı Azərbaycan Xarici işlər Nazirliyi açıqlayıb.
Məlumatda o deyilib ki, telefon söhbətində "hər hansı bir ölkə tərəfindən Azərbaycan ərazisinin qonşu və dost İrana qarşı istifadə edilməsinin mümkün olmadığı vurğulanıb".
Nazir Ceyhun Bayramov regionda vəziyyətin "faciəvi şəkildə gərginləşməsindən ciddi narahatlığını" bildirib.
Azərbaycanın Xarici İşlər Nazirliyi martın 1-də onu da bildirib ki, hava hücumları nəticəsində bir Azərbaycan vətəndaşı xəsarət alıb.
Hücumlarla əlaqədar 53 Azərbaycan vətəndaşı və 60-a yaxın xarici şəxs quru sərhədlə İrandan Azərbaycana təxliyə edilib, yerli media yazır.
İsrail Tehrana yeni hücumlara başlayıb

Şəklin mənbəyi, Reuters
İsrail Müdafiə Qüvvələri bildirib ki, Tehrana yeni hücumlara başlayıb.
"Son gün ərzində İsrail Hərbi Hava Qüvvələri hava üstünlüyünü təmin etmək və Tehrana yol açmaq üçün genişmiqyaslı hücumlar həyata keçirib", - məlumatda bildirilib.
İran dövlət mediası paytaxtda partlayış səsləri barədə məlumat yayıb.
İRNA Qızıl Ayrapa Cəmiyyətinə istinadən bildirib ki, son 24 saatdan Tehrana 60 dəfə hücum olub, nəticədə 57 nəfər həyatını itirib.
"40 İran rəsmisi" öldürülüb
Qırmızı Aypara bildirir ki, ABŞ və İsrailin hücumları nəticəsində İranda 200-dən çox insan həlak olub.
İran bildirir ki, ABŞ və İsrailin qızlar məktəbinə endirdiyi zərbələr nəticəsində ən azı 108 nəfər həlak olub.
İran televiziyası ölkənin silahlı qüvvələrinin baş qərargah rəisi Əbdülrəhim Musəvinin hava hücumlarında öldürüldüyünü bildirir.
Tehran, həmçinin İnqilab Keşikçilərinin komandanı general Məhəmməd Pakpurun ölümünü təsdiqləyib.
Mənbələr BBC-nin ABŞ-dakı tərəfdaşı CBS-ə bildiriblər ki, təxminən 40 İran rəsmisi həlak olub.
İsrail ABŞ bazalarına və İsrailə qarşı "ən dağıdıcı hücum əməliyyatı" başlatmağa söz verən İslam İnqilabı Keşikçiləri Korpusunun rəhbəri də daxil olmaqla bir neçə yüksək vəzifəli şəxsi öldürdüyünü bildirib.
Tramp: "...yaxşı olar, etməsinlər"
ABŞ Prezidenti Donald Tramp özünün Truth Social hesabında yazıb ki, "İran indicə bildirdi ki, bu gün vuracaqlar, əvvəllər heç vaxt vurmadıqlarından daha sərt vuracaqlar. YAXŞI OLAR Kİ, ETMƏSİNLƏR, AMMA, ƏGƏR ETSƏLƏR, ONLARA İNDİYƏDƏK GÖRÜNMƏMİŞ BİR GÜCLƏ VURACAĞIQ!"
İslam İnqilabı Keşikçiləri Korpusu daha əvvəl bildirib ki, Xameneinin ölümü ilə əlaqədar ABŞ bazaları və İsrailə cavab hücumlarına başlayacaq.
"İran İslam Respublikası silahlı qüvvələrinin tarixində ən dağıdıcı hücum əməliyyatı bir neçə dəqiqədən sonra işğal olunmuş ərazilərə və Amerika terrorçu bazalarına doğru başlayacaq" – İslam İnqilabı Keşikçiləri Korpusunun elanında bildirilib.
Tramp: "Bu... ədalətdir"

ABŞ Prezidenti Donald Tramp bildirib ki, İranın ali dini lideri Ayatollah Xamenei öldürülüb.
O özünün Truth sosial platdformasında yazıb:
"Tarixin ən pis insanlarından biri olan Xamenei öldü. Bu, təkcə İran xalqı üçün deyil, həm də bütün Böyük Amerikalılar və dünyanın bir çox ölkəsindən olan, Xamenei və onun qaniçən QULDURLARI tərəfindən öldürülən və ya şikəst edilən insanlar üçün ədalətdir.
O, bizim Kəşfiyyat və Yüksək Mükəmməl İzləmə Sistemlərimizdən yayınmaq iqtidarında deyildi və İsraillə sıx əməkdaşlıq edərək, nə onun, nə də onunla birlikdə öldürülən digər liderlərin edə biləcəyi bir şey yox idi.
Bu, İran xalqının öz ölkələrini geri almaq üçün yeganə ən böyük şansıdır. Eşidirik ki, onların SEPAH, hərbi və digər Təhlükəsizlik və Polis Qüvvələrinin bir çoxu artıq döyüşmək istəmir və bizdən toxunulmazlıq gözləyir. Dünən gecə dediyim kimi, "İndi onlar toxunulmazlığa sahib ola bilərlər, sonra isə yalnız Ölümə sahib olacaqlar!"
Ümid edirəm ki, SEPAH və polis qüvvələri dinc şəkildə İran vətənpərvərləri ilə birləşəcək və ölkəni layiq olduğu əzəmətə qaytarmaq üçün birlikdə çalışacaqlar. Bu proses tezliklə başlamalıdır, çünki təkcə Xameneinin ölümü deyil, ölkənin özü də cəmi bir gün ərzində böyük ölçüdə dağıdılıb, hətta yerlə-yeksan edilib.
Lakin ağır və dəqiq bombardmanlar həftə ərzində və ya YAXIN ŞƏRQDƏ VƏ ƏSLİNDƏ DÜNYADA SÜLH məqsədimizə çatmaq üçün lazım olduğu qədər fasiləsiz davam edəcək!
Diqqətinizə görə təşəkkür edirəm".
"Əlamətlər var ki, diktator getdi", - Netanyahu deyib

Şəklin mənbəyi, İsrail hökuməti
İsrailin Baş naziri Netanyahu deyib ki, İranın ali dini rəhbəri "getdi".
Bunun nə demək olduğu aydın deyil.
Fevralın 28-də İsrail-ABŞ koalisiyasının İranın Ali dini lideri Ali Khamenei-nin iqamətgahına hücum etməsi ilə bağlı xəbərlər yayılmışdı.
"Əlamətlər var ki, diktator getdi" , - Netanyahu deyib.
BBC Verify bu səhər Tehran üzərindən çəkilmiş peyk görüntülərini əldə edib və bu görüntülərdə Xameneinin İran paytaxtındakı ofisinin - Liderlik Evinin bir hissəsinin əhəmiyyətli dərəcədə zədələndiyi görünür.
Bu gün ali liderdən xəbər çıxmayıb və onun ölü və ya sağ olub-olmadığı barədə hələlik heç bir təsdiq yoxdur.
İranın xarici işlər naziri Abbas Əraqçi ilə NBC News-a verdiyi müsahibə zamanı deyib ki, bildirib ki, Xameneyi onun bildiyi qədər "sağ"dır.
Netanyahu iranlılara: "Küçələrə çıxın"
Netanyahu iranlıları dini hakimiyyəti rejimi devirmək üçün "küçələrə kütləvi şəkildə çıxmağa" çağırıb.
O, İran xalqına müraciət edərək bildirib ki, zərbələr onlara "zülmdən azad olmağa" kömək edəcək.
İsrailin Baş naziri deyir ki, İran hakimiyyətini devirmək üçün "nəsildə bir dəfə verilən şans" var.
O, iranlılıarə "kütləvi şəkildə küçələrə çıxmağa" və "işi yerinə yetirməyə" çağırıb.
Netanyahu əlavə edib ki, "tarixi bir missiya üçün bir araya gəlməyin" və "birləşməyin" vaxtıdır.
İran Dubayda lüks otellərin yerləşdiyi ərazini "vurub"

İranın dövlət mediası Dubaya hücum edildiyini bildirir.
İranın dəqiq nəyi hədəf aldığı məlum deyil, lakin ölkədə ABŞ hərbi qüvvələri yerləşib.
Dubay hökumətinin Media Ofisi Palm Jümeyra ərazisindəki bir binaya zərbə dəydiyini bildirir.
Ofisin məlumatına görə, hadisə yerinə təcili yardım qrupları göndərilib və nəticədə yanğın artıq "nəzarət altındadır".
Ofis əlavə edir ki, dörd nəfər yaralanıb və xəstəxanaya aparılıb.
Palm Jümeyra lüks otelləri ilə tanınan süni arxipelaqdır.
İran İsrailə qisas hücumu edib

Şəklin mənbəyi, Getty Images
İran İsrailin hücumlarına cavab verib, bunu İsrail tərəfi bildirib.
Rəsmilərin sözlərinə görə, İrandan İsrailin bir neçə bölgəsinə raketlər atılıb.
İsrail Müdafiə Qüvvələri açıqlayıb ki, İran İsrailə cavab zərbələri endirib və onun raketləri müəyyən edilib.
Məlumata görə, İsrailin bir neçə bölgəsində həyəcan siqnalı verilib.
İsraildə dağıntı və itkilər barədə hələlik məlumat yoxdur.
Həm İsrail, həm də İran hava məkanını uçuşlar üçün bağlayıblar.
Tehranda və İranın başqa şəhərlərində partlayış səsləri eşidilib

AFP xəbər agentliyinin Bəhreyndə olan müxbirləri paytaxt Manamada partlayış səsləri eşitdiklərini bildirirlər.
Bu, Bəhreyn Daxili İşlər Nazirliyinin X-də bir sıra xəbərdarlıqlarda təcili sirenlərin çalındığını bildirməsindən sonra baş verib. O, həmçinin sakinləri sakit qalmağa və ən yaxın təhlükəsiz yerə getməyə çağırıb.
Prezidenti Donald Tramp deyib ki, ABŞ İranda "əsas döyüş əməliyyatlarına" başlayıb. O, ABŞ-ın İrana hücumda iştirakını təsdiqləyib.
Trump sosial media platforması olan Truth Social-da səkkiz dəqiqəlik video paylaşaraq ABŞ-ın İrana hücumda iştirak etdiyini bildirib.
Bundan əvvəl İsrail İrana qarşı "qabaqlayıcı hücum" adlandırdığı əməliyyata başladığını açıqlamışdı.
Bu səhər verdiyi açıqlamada İsrail müdafiə naziri İsrael Katz bütün İsrail ərazisində "xüsusi və daimi fövqəladə vəziyyət" elan edib.
İran mediasının məlumatına görə, İranın müxtəlif şəhərlərində partlayış səsləri eşidilib.
Fars xəbər agentliyi İsfahan, Qum, Kərəc və Kermanşah şəhərlərində partlayış səslərinin eşidildiyini bildirir.
Xəbər agentliyi həmçinin bir neçə raketin İranın paytaxtı Tehranın Universitet küçəsinə və Respublika ərazisinə düşdüyünü bildirib.
İRNA yazıb ki, Tehranda iki yerdə partlayış səsləri eşidilib. Şəhərin mərkəzində tüstü göründüyü bildirilir.
Fars Xəbər Agentliyi İran paytaxtının Respublika bölgəsinə bir neçə raketin düşdüyü barədə məlumat aldığını bildirir.
İsrail mediasında yer alan xəbərlərə görə, şənbə günü səhər İrana hücumdan sonra İsrail hava məkanını mülki uçuşlar üçün bağlayıb.
İslam İnqilabı Keşikçiləri Korpusuna bağlı olan Tasnim Xəbər Agentliyi İranın hava məkanının da bağlandığını bildirir.
İran bundan əvvəl bildirmişdi ki, ABŞ İrana hücum edərsə, onun regiondakı hədəflərinə zərbə endirəcək.
Tramp iranlılara: "Hakimiyyəti ələ keçirin"

Şəklin mənbəyi, Trump/Truth
Prezident Tramp iranlıları İrana qarşı genişmiqyaslı hücumlarından ölkənin dini hakimiyyətini devirmək üçün istifadə etməyə çağırıb.
"İşimiz bitəndə hökumətinizi ələ keçirin. Bunu ələ keçirmək sizlikdir. Bu, yəqin ki, nəsillər boyu yeganə şansınız olacaq", - deyə o bildirib.
O, həmçinin İran təhlükəsizlik qüvvələrinin üzvlərinə silahlarını yerə qoysalar, "toxunulmazlıq" veriləcəyini və ya "ölümlə üzləşəcəklərini" bildirib.
Tramp təhlükəsizlik qüvvələri ölkə miqyasında hökumət əleyhinə etirazları yatırdığı və ən azı 6480 nəfərin ölümünə səbəb olduğu üçün İranı bombalamaqla hədələmişdi.
O, məsul şəxslərin "böyük bir qiymət ödəyəcəkləri" barədə xəbərdarlıq edib və etirazçılara "kömək yolda olduğunu" bildirmişdi.
Lakin Prezident bir neçə gün sonra İran hökumətindən "qətlin dayandırıldığına" dair zəmanət aldığını və diqqətinin Qərblə uzun müddətdir davam edən mübahisənin mərkəzində olan ölkənin nüvə proqramına yönəldiyini söyləmişdi.
İsrail boyunca sirenlər çalındı
Hugo Bachega
Yaxın Şərq müxbiri, Yerusəlim
İsrailin müxtəlif bölgələrində yerli vaxtla saat 08:15-də (GMT 06:15) sirenlər çalındı və əhaliyə mümkün raket hücumu təhlükəsi barədə xəbərdarlıq edildi.
İsrailin hücumları ABŞ və İran rəsmiləri arasında İranın nüvə proqramını məhdudlaşdırmaq və müharibənin qarşısını almaq üçün aparılan diplomatik danışıqlar fonunda baş verir. Danışıqların gələn həftə də davam edəcəyi gözlənilirdi.
İran danışıqlarda müəyyən güzəştlərə getmişdi, lakin əvvəllər İranı təzyiq altında sazişi qəbul etməyə məcbur etmək üçün hücumla hədələyən ABŞ Prezidenti Donald Tramp dünən müzakirələrin gedişindən "məmnun olmadığını" bildirdi.
Tramp 2003-cü ildəki ABŞ-ın İraq işğalından bəri Yaxın Şərqdə ən böyük hərbi qüvvə toplanmasını əmr edib, lakin niyə indi hərbi əməliyyata ehtiyac ola biləcəyini izah etməkdə az şey deyib. İran isə hücuma güclə cavab verəcəyini bəyan edib.
İsrailin müdafiə naziri İsrail Kats "önləyici zərbə"nin "İsrail dövlətinə qarşı təhdidləri aradan qaldırmaq" üçün edildiyini söyləyib.
Ötən ilin iyununda İsrail İrana hücum etmiş, nəticədə 12 günlük müharibə başlamışdı. ABŞ sonradan İsrailə qoşularaq İranın nüvə obyektlərini hədəfə almışdı.
Son vaxtlar İsrailin Baş naziri Benyamin Netanyahu İranın ballistik raketlərinin ölkəsinə yaratdığı təhlükə barədə xəbərdarlıq etmiş və yalnız nüvə proqramına fokuslanan sazişə qarşı olduğunu bildirmişdi.
İran isə ballistik raket proqramına məhdudiyyət qoyulmasını və bölgədəki müttəfiqlərinə – Qəzzada Həmas, Livanda Hizbullah, İraqdakı milislər və Yəməndə Husilər – dəstəyini dayandırmasını müzakirə etməyi rədd etmiş, bu tələbləri suverenliyinə müdaxilə adlandırmışdı.
























