İstanbulun Sabiha Gökçen aeroportunda qəza: 3 nəfər ölüb, 180-i yaralanıb

Uçuş zolağından çıxan təyyarə

Şəklin mənbəyi, DHA

Türkiyənin Sabiha Gökçen hava limanında təyyarə uçuş zolağından çıxıb: 3 nəfər ölüb, 180-i yaralanıb.

Pegasus şirkətinə məxsus İzmir-İstanbul reysini həyata keçirən Boeing 373 tipli təyyarə Sabiha Gökçen aeroportunda sərt eniş edib və uçuş zolağından çıxıb.

Azərbaycanda Sabiha Gökçən hava limanına uçuş həyata keçirən "Buta Airways" bu günə Sabiha Gökçen-ə olan reyslərini dəyişib.

"Buta Airways" bildirib ki, J2-9103 nömrəli reys sərnişinlərini İstanbul hava limanına çatdırıracaq.

Eyni zamanda, Sabiha Gökçen-dən Bakıya reys də dəyişdirilib.

"Buta Airways" elan edib ki, Sabiha Gökçen aeroportundan Bakıya uçmalı olan sərnişinlər İstanbulun yeni hava limanına avtobuslar vasitəsilə çatdırılacaqlar".

Parçalanmış Pegasus təyyarəsi

Şəklin mənbəyi, DHA

"Sərt eniş"

İstanbul valisi Yerlikaya qəzada 12 fərqli ölkədən 22 xarici vətəndaşın xəsarət aldığını açıqlayıb.

İstanbul valiliyinin məlumatına görə, qəza çərşənbə günü saat yeddi radələrində olub.

Təyyarə sərt eniş ettdikdən sonra dayanmayıb və uçuş zolağından çıxaraq 30-40 metr hündürlükdən magistral yolun kənarındakı boş əraziyə düşüb.

Pilot kabinəsi və quyruq tərəfi parçalanaraq təyyarənin gövdəsindən ayrılıb.

Qəzadan sonra təyyarə heyətinin və sərnişinlərin bir hissəsi özləri hava gəmisindən xilas olublar.

Sabiha Gökçen hava limanına olan 37 uçuş İstanbul aeroportuna yönləndirilib.