Mariupolun təxliyəsi: "Mən getməyə hazır idim... sonra atəş başladı"

- Müəllif, Joel Gunter
- Vəzifə, BBC News, Lvov
Ukraynanın Mariupol şəhərindən dinc sakinləri təxliyə etmək üçün ikinci cəhd uğursuzluqla nəticələnib, atəşkəsin pozulmasına görə tərəflər yenidən bir-birini günahlandırıb.
Ötən gün ilk uğursuz evakuasiyadan sonra, altıncı mərtəbədəki mənzilində nənə və babasına baxan 27 yaşlı IT mühəndisi Maksim BBC-yə deyib ki, ümidlə başlayan bugünkü gün ümidsizliklə başa çatıb: "Maşında yola düşməyə hazırlaşırdıq ki, yenidən atəş başladı. Yaxında partlayış səsləri eşidirdim. Şəhər üzərindən və Zaporojye istiqamətində uzanan yolun üstündən tüstü qalxırdı."
"Bir çox insan atəşkəs olduğunu eşitdiyi üçün şəhərin mərkəzinə gəlmişdi və onları çıxarmaq üçün avtobuslar da gəldi."
Mariupoldan çıxmaq üçün şəhərin mərkəzinə gəlmiş insanların çoxu atəş yenidən başlayandan sonra tərk etdikləri sığınacaqlara geri dönə bilməyib.
Onların bir qrupuna Maksim öz mənzilində sığınacaq verib.
"Onlar şəhərin sol tayından gəliblər, deyirlər ki, o tərəf dağılıb. Bütün evlər yanır, yanğını heç kim söndürə bilmir. Küçələr meyitlərlə doludur, meyitləri yığışdırmaq imkanı yoxdur"
"Su kranları bağlanıb, şüşələrə qablaşdırılmış içməli suyumuz qurtarıb, vannada qalmış sudan istifadə edirik. Qazımız hələ ki, var, hamamdakı suyu qaynadıb içməli su kimi istifadə edirik."
"Bu gün polis dükanları açıb insanlara yemək və su götürməyə icazə verib."
"Atəşkəs yalançı idi, tərəflərdən biri atəşi heç vaxt dayandırmayıb. Əgər yenə desələr ki, atəşkəsdir, bunun gerçək olub-olmayacağını bilmirik. Bəlkə indi ən yaxşısı elə gizlənməkdir. "
Mariupol rəsmiləri bildiriblər ki, Rusiya hərbiyyəsinin atəşi şəhərdə təxliyəni qeyri-mümkün edir.
Bu gün səhər saatlarında atəşkəsin və yeni təxliyə cəhdinin başladığını elan edən Mariupol Şəhər Şurası bu planların pozulduğunu sonradan təsdiqləyib.
Şəhər rəsmiləri bildirib ki, Rusiya hərbiyyəsinin atəşi mülki şəxslərin təhlükəsiz təxliyyəsini mümkünsüz edib.
Şəhərdə artıq beşinci gündür ki, su və elektrik yoxdur , kanalizasiya sistemi işləmir, qida və içməli su sürətlə tükənir.
Mariupol şəhərində təxliyənin dayandırıldığını Beynəlxalq Qırmızı Xaç Komitəsi də (ICRC) təsdiqləyib.
Komitə mühasirəyə alınmış Mariupol şəhərindən dinc əhalinin təxliyyəsinin dayandırıldığını bildirib.
Ötən gün oxşar razılaşma pozulduqdan sonra, Ukrayna və Rusiya qüvvələri insanların təxliyəsi üçün lazım olan atəşkəsə əməl etməməkdə bir-birini günahlandırıb, ICRC bildirib
Rzılaşdırılmış təxliyənin marşrutu aşağıdakı xəritədə göstərildiyi kimidir.

- Ukraynadan çıxmaq istəyən azərbaycanlı: “Oğlumu buraxmadılar, ona görə qatara minə bilmədim”
- Rusiyanın hərbi gücü nə qədərdir?
- Rusiyanın neçə nüvə silahı var və ondan qorxmaq lazımdırmı?
- Volodimir Zelenski: aktyorluqdan prezidentliyə yüksəlmiş Ukrayna lideri kimdir?
- Rusiyanın Ukraynayla müharibəsi: bundan sonra nə olacaq, NATO hansı addımları atacaq?
- Bombalanan Xarkovda və Xersonda qalan azərbaycanlılar: "Dəhşət içində yaşayırıq"
- Volodimir Zelenskinin əsas rolu və Putinin psixi durumu: dünya KİV-ləri Rusiya-Ukrayna müharibəsinin ilk günləri haqqında
- Rusiyanın xaric edilməsi istənən SWIFT sistemi nədir?




























