"Neftin qiyməti ağlasığmaz dərəcədə yüksək rəqəmə çata bilər"

Saudi Arabia's Crown Prince Mohammed bin Salman. Photo: September 2019

Şəklin mənbəyi, Reuters

Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi dünyanın İrana qarşı sərt addım atmadığı halda neftin qiymətinin "ağlasığmaz dərəcədə yüksək rəqəmlərə" çatacağını deyib.

Məhəmməd ibn Salman həmçinin xəbərdarlıq edib ki, Səudiyyə Ərəbistanı ilə İran arasında müharibə olarsa, bu, qlobal iqtisadiyyatı məhv edə bilər.

Səudiyyə Ərəbistanı bundan iki həftə əvvəl neft obyektlərinə qarşı raket və dron hücumlarının arxasında İranın olduğunu iddia edir, lakin İran bunu təkzib edir.

CBS News telekanalına verdiyi müsahibəsində, Məhəmməd ibn Salman jurnalist Camal Kaşıkçının qətlinə görə bir qədər məsuliyyət daşıdığını etiraf edib.

Lakin o, qətli şəxsən sifariş etmədiyini deyib.

Səudiyyə Ərəbistanın de fakto hökmdarı sayılan şahzadə hökuməti tənqid edən jurnalist Kaşıkçını şəxsən hədəfə almaqda şübhəli bilinir.

Camal Kaşıkçı 2018-ci il oktyabrın 2-si Səudiyyə Ərəbistanının Türkiyədədki konsulluğunda öldürülüb.

O, bazar günü CBS-in 60 Minutes xəbər proqramındakı müsahibəsində deyib ki, "Bunun [qətlin] Səudiyyə hökuməti üçün işləyən şəxslər tərəfindən törədildiyini nəzərə alsaq, mən Səudiyyə Ərəbistanında bir lider kimi məsuliyyəti tamamilə öz üzərimə götürürəm."

Lakin o, Camal Kaşıkçının qətlini sifariş etmədiyini və hadisədən əvvəl bu barədə heç bir məlumatl olmadığını iddia edib.

Səudiyyə hakimiyyəti jurnalistin ölümündə "nəzarətdən kənar" bir əməliyyatın təqsirli olduğunu deyir və hazırda 11 şəxsə qarşı cinayət işi açılıb.

Şahzadə, həmçinin Yəməndəki vətəndaş müharibəsinin danışıqlar yolu ilə həll olunmasını təklif edib.

Müharibədə Yəmənin hökumət qüvvələri Səudiyyə Ərəbistanının başçılıq etdiyi koalisiya tərəfindən, qiyamçı Husi qüvvələri isə İran tərəfindən dəstəklənməkdədir.

Bəs şahzadənin neft xəbərdarlığı?

İran Səudiyyə Ərəbistanın neft obyektlərinə qarşı hücumlarla heç bir əlaqəsi olmadığını iddia edir.

Lakin Məhəmməd ibn Salman xəbərdarlıq edib ki, əgər dünya "İranın qarşısını almağa sərt addım atmasa, biz dünyanın maraqlarına ziddiyyətli yeni eskalasiyaları görəcəyik."

"Neft tədarükünə maneələr yaranacaq və neftin qiyməti indiyədək həyatımızda şahid olmadığımız ağlasığmaz dərəcədə yüksək rəqəmlərə çatacaq".

O, Yaxın Şərq regionunun dünya neft tədarükünün 30 faizini təşkil etdiyini, qlobal ticarət marşrutlarının 20 faizini və dünya ÜDM-nin 4 faizini təşkil etdiyini deyib.

"Təsəvvür edin ki, bu üç şey dayandı. Bu qlobal iqtisadiyyatın tam tənəzzülü deməkdir və yalnız Səudiyyə Ərəbistanı və ya Yaxın Şərq ölkələrində yox", şahzadə vurğulayıb.

O, hücumlara görə İranı "axmaqlıqda" təqsirləndirib və bu qərarın heç bir strateji hədəfi olmadığını deyib.

Səudiyyə Ərərbistanı neft obyektlərinə sentyabrın 14-də baş vermiş hücumda 18 dron və 7 qanadlı raketdən istifadə edildiyini deyib. Yəmənin qiyamçı Hüsi qüvvələri hücuma görə məsuliyyəti öz üzərlərinə götürüblər.

Yəmən barədə nə deyib?

Şahzadə İranı Hüsilərə dəstəyini dayandırmağa çağıraraq deyib ki, bu müharibəni sona çatdırmağı "çox asanlaşdıracaq".

"Bu gün biz Yəməndə siyasi həll üçün bütün təşəbbüsləri açırıq", o deyib. "Ümid edirik ki, bu, sabah yox, bu gün olacaq".

O, Hüsilərin bir neçə gün əvvəl elan etdiyi atəşkəsin siyasi dialoq üçün "müsbət addım" olduğunu deyib.

Yəməndəki vətəndaş müharibəsi dünyanın ən ağır humanitar fəlakətlərinə səbəb olub. Ölkə əhalisinin 80 faizinə humanitar kömək və ya mühafizə lazımdır.

BMT ehtimal edir ki, 2016-cı ildən indiyədək müharibədə 70 mindən artıq insan həyatını itirib.