Taleh Bağırzadənin xanımına qarşı açılmış cinayət işinə xitam verilib

Taleh Bağırzadə

Şəklin mənbəyi, Meydan TV

Çərşənbə günü "Nardaran məhbusu" kimi tanınan Taleh Bağırzadənin həyat yoldaşı Leyla İsmayılzadəyə qarşı ötən həftə elan olunmuş cinayət işi üzrə ittiham ləğv olunub.

Bu barədə BBC News Azərbaycancaya Leyla İsmayılzadənin özü məlumat verib.

"İki gün əvvəl müstəntiq çağırdı. Bu gün getdik qəbuluna, bildirdi ki, cinayət işinə xitam verilib. İşə nə üçün xitam verilməsi ilə bağlı heç nə demədi. Çantadan tapılmış telefonu da qaytardılar", o bildirib.

Leyla İsmayılzadənin vəkillərindən olan Fəxrəddin Mehdiyev BBC News Azərbaycancaya deyib ki, cinayət işinə xitam verilməsinin səbəbini "işdə cinayət tərkibinin olmaması ilə" əlaqələndiriblər.

"İş Ədliyyə Nazirliyinin İstintaq İdarəsində aparılırdı. Müstəntiq bu gün Leyla İsmayılzadəyə və onunla birgə getmiş digər vəkil Zibeydə xanıma işdə cinayət tərkibi olmadığına görə icraata xitam verildiyini" deyib.

Leyla İsmayılzadəyə qarşı cinayət işinə xitam verilməsinin səbəbləri ilə bağlı Ədliyyə Nazirliyinin İstintaq İdarəsi ilə əlaqə saxlamaq mümkün olmayıb.

Ona qarşı açılmış cinayət işinin ittihamı cümə günü elan olunub. O, "cəzaçəkmə müəssisəsinə qanunsuz əşya keçirməkdə" ittiham olunurdu.

Nə baş verib?

Bu il martın 21-də Penitensiar Xidmət, Qobustan həbsxanasında saxlanan ilahiyyatçı Taleh Bağırovun həyat yoldaşının əri ilə görüşə gedərkən "uşaq çantasında mobil telefon" aşkarladığını bildirmişdi.

Leyla İsmayılzadə bu ittihamları həyat yoldaşına təzyiq kimi gördüyünü demişdi. Ədliyyə Nazirliyinin Penitensiar Xidməti isə Taleh Bağırova heç bir təzyiq olunmadığını bəyan etmişdi.

Vəkil Fəxrəddin Mehdiyev BBC News Azərbaycancaya bildirmişdi ki, "telefon həmin vaxt işlək vəziyyətdə olmayıb. Ekspertizanın qərarına görə, telefon işlək vəziyyətdə olsa da, həmin cihazla heç bir telefon əlaqəsinə cəhd edilmədiyi bəlli olub".

Cənab Mehdiyev əlavə etmişdi ki, "ittiham tərəfi işlə tanış olduqdan sonra iş məhkəməyə göndəriləcək".

İş üzrə təqsirləndirilən Leyla İsmayılzadə BBC News Azərbaycancaya özünü bu işdə təqsirli bilmədiyini deyib.

O, özünə qarşı cinayət işinin açılmasının "həyat yoldaşına qarşı təzyiq vasitəsi olduğunu" iddia edib.

"May ayında iki dəfə mən, bir dəfə qaynatam ifadə verməyə çağrıldıq. Telefon qaynatamın adına olub. Ondan sonra bu məsələ iə bağlı bizə zəng gəlməmişdi. Biz də düşündük ki, yəqin işə xitam veriblər. Düşünürəm ki, bu, yoldaşım Talehə qarşı təzyiq vasitəsidir".

Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin mətbuat xidmətinin rəhbəri Mehman Sadiqov BBC News Azərbaycancaya deyib ki, "məhbusa qarşı heç bir təzyiqdən söhbət gedə bilməz".

"Onun [Leyla Ismayılzadənin] həyat yoldaşı digər məhkumlar kimi daxili nizam qaydalarına uyğun cəzasını çəkməlidir", o deyib.

Qurum iddia edib ki, Taleh Bağırovun yanına üç azyaşlı övladları ilə birgə qısamüddətli görüşə gəlmiş arvadı Leyla İsmayılzadənin gətirdiyi sovqata və əşyalara baxış keçirilərkən "uşaq çantasının içində oyuncaqların arasından 1 ədəd "Samsung" markalı mobil telefon və bir ədəd danışıq kartı" aşkarlanıb.