"Taksidən istifadə müəyyən imkanlara bağlıdır" deyən şöbə müdiri cəzalandırılıb, Rusiya hərbi rəsmiləri Bakı və Yerevanda görüşlər keçiriblər - xəbər icmalı

Hikmət Babayev, taksi, bakı, bu gün

Şəklin mənbəyi, ARB24

"Taksidən istifadənin müəyyən imkanlara bağlı olduğunu" deyən şöbə müdiri cəzalandırılıb, Rusiyanın Müdafiə nazirinin müavinləri Azərbaycan və Ermənistanda görüşlər keçiriblər - bu və başqa xəbərlər BBC News Azərbaycancanın xəbərlər icmalında.

line

Bakı Nəqliyyət Agentliyi (BNA) "taksidən istifadə müəyyən imkana bağlıdır" deyən şöbə müdiri Hikmət Babayev tərəfindən verilən açıqlamanın "onun şəxsi fikri olduğunu və qurumun mövqeyini əks etdirmədiyini" deyib.

Qurum Hikmət Babayev ilə bağlı "müvafiq inzibati tədbirlərin həyata keçirildiyini" bəyan edib.

Hikmət Babayev bir çıxışında deyib ki, "taksi qiymətləri bu gün elə həddə enib ki, hətta avtobus qiymətlərinə bərabərləşib. Bu belə olmalı deyil. Siz də bilirsiniz ki, taksidən istifadə etmək, necə ki əvvəlki dönəmdə olduğu kimi, müəyyən imkanlara bağlı olan bir şeydir. Taksidən yararlanmaq olar, amma bunu gündəlik nəqliyyat vasitəsinə çevirmək,daimi nəqliyyat vasitəsinə çevirmək bir az düzgün deyil. Bunun üçün müntəzəm sərnişin daşıma mövcuddur."

Onun bu sözləri sosial mediada istehza və tənqidlə qarşılanıb. Sosial media istifadəçiləri vahid taksi qiymətinə dair konsepsiya hazırlandığını açıqlamış agentliyin rəsmi səhifəsini "tag" edərək narazılıq bildiriblər, eləcə də BNA-nın avtobusla sərnişin daşıma siyasətini tənqid ediblər.

Bəzi təhlilçilər taksi xidmətinə vahid qiymətin tətbiqinin bu xidməti bahalaşdıracağı və bazarda dövlət inhisarına yol açacağı barədə xəbərdarlıq ediblər.

Qurum bildirib ki, taksi fəaliyyətinin tənzimlənməsinə dair "təklif xarakterli" layihənin üzərində "yenidən iş aparılmasını qərara alınıb".

BNA açıqlayıb ki, layihə sərnişin təhlükəsizliyi, taksi sürücülərinin əmək şəraitlərinin yaxşılaşdırılması, taksi fəaliyyətinə peşə kimi baxılması, keyfiyyətli rəqabət dövlət nəzarətinin gücləndirilməsi kimi məsələlərin həllini nəzərdə tutur və bu, Nazirlər Kabinetinin 73 saylı qərarından irəli gəlir.

line

Rusiyanın bir nazir müavini Bakıda, digəri Yerevanda görüş keçirib

Rusiyanın Müdafiə nazirinin müavini Ruslan Tsalikovun Bakı görüşü

Şəklin mənbəyi, MOD.GOV.AZ

Rusiyanın Müdafiə nazirinin müavinləri Ruslan Tsalikov və Andrey Kartapolov, müvafiq olaraq Azərbaycan və Ermənistanda görüşlər keçiriblər.

Bakıda işgüzar səfərdə olan Ruslan Tsalikov bu gün azərbaycanlı həmkarı, general-leytenant Kərim Vəliyev ilə görüşüb. Görüşdə Azərbaycan ilə Rusiya arasında hərbi və hərbi-texniki sahələrdə qarşılıqlı fəaliyyət məsələləri müzakirə olunub, bu əməkdaşlığın daha da möhkəmləndirilməsinin vacibliyi qeyd olunub, Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.

Cənab Vəliyev bildirib ki, "Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi regionda sabitliyə ən ciddi təhlükə olaraq qalır və bu münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində, beynəlxalq hüququn normaları və prinsipləri əsasında həllinə nail olunması vacibdir".

Məlumata görə, cənab Tsalikov belə görüşlərin "Azərbaycan-Rusiya münasibətlərinin inkişafı baxımından mühüm rol oynadığını" deyib.

Nazir müavinləri "Beynəlxalq Ordu Oyunları - 2020" yarışları çərçivəsində Azərbaycanda keçirilən "Dəniz kuboku" "müsabiqəsinin əhəmiyyətindən" də söz açıblar.

Rusiyanın başqa rəsmisi Ermənistanda olub

Rusiyanın Müdafiə nazirinin müavini, Yerevan

Şəklin mənbəyi, mil.am

Sentyabrın 2-də isə Yerevanda səfərdə olan Rusiya müdafiə nazirinin müavini Andrey Kartapolov Ermənistan müdafiə naziri David Tonoyanla görüşüb, onunla qarşılıqlı maraq kəsb edən məsələləri müzakirə ediblər.

Görüşdən əvvəl general-polkovnik Andrey Kartapolov və David Tonoyan Dilican şəhərində ArMİ-2020 beynəlxalq oyunlar çərçivəsində keçirilən "Sülh döyüşçüsü" müsabiqəsi qaliblərinin təntənəli təltif etmə mərasimində iştirak ediblər.

Məlumata görə, müsabiqədə Rusiya komandasının üzvləri Sergey Smirnov, leytenant German Davıdov və baş leytenant Mixail İvanov qalib olublar.

Qadınlar arasında Ermənistan Müdafiə Nazirliyinin nümayəndəsi, baş leytenant Armine Qriqoryan qızıl, Rusiya Silahlı Qüvvələrinin nümayəndəsi, Aleksandra Axtulova gümüş medal qazanıblar. Müqavilə əsasında xidmət edən yunanıstanlı serjant Gestimanis Kutuzoğlu üçüncü yeri tutub.

ArMİ-2020 kuboku komanda yarışlarının qalibi - Rusiyaya nəsib olub.