Sabirabadda yük maşını qatarla toqquşub, xəsarət alan var

Şəklin mənbəyi, APA
Çərşənbə günü səhər saatlarında Sabirabadın Minbaşı kəndində yük maşını qatarla toqquşub.
Səhiyyə Nazirliyindən BBC News Azərbaycancaya bildirilib ki, hadisə nəticəsində bir nəfərin xəsarəti yüngül olduğuna görə ona yerində tibbi yardım göstərilib.
Şirvan Şəhər Mərkəzi Xəstəxanasından BBC News Azərbaycancaya deyiblər ki, "xəstəxananın təcili yardım maşını hadisə yerinə gedib, amma yaralanan olmadığı üçün xəstəxanaya heç kim gətirilməyib".
"Azərbaycan Dəmir Yolları" QSC isə hadisə nəticəsində xəsarət alanın olmadığını açıqlayıb.
"Azərbaycan Dəmir Yolları" QSC-nin məlumatında deyilir ki, İmişli stansiyasından Şirvan stansiyasına gedən yük qatarı dəmir yolu keçidində hərəkətdəykən yük maşınının sürücüsü lokomotivin xəbəredici siqnalına məhəl qoymayıb və nəticədə qatarla toqquşub.
Hadisə nəticəsində yük maşını dəmir yolunun üstünə aşaraq yolu bağlayıb və nəticədə dəmir yolunda qatarların hərəkətində fasilə yaranıb, "Azərbaycan Dəmir Yolları" bildirib.
Hazırda dəmir yolunda qatarların hərəkətinin bərpası istiqamətində işlər aparılır.
Hüquq-mühafizə orqanları və "Azərbaycan Dəmir Yolları" QSC hadisə yerində araşdırma aparır.


























