ABŞ və İsrailin İranla müharibəsi: "Bizim hələ də təsəvvürümüz yoxdur ki, bu müharibə hara gedir"
- Müəllif, Jeremy Bowen
- Vəzifə, BBC
- Oxuma vaxtı: 8 dəq
Biz ABŞ, İsrail və İran arasında başlayan bu yeni müharibənin hələ başlanğıc mərhələsindəyik.
İranın həm ABŞ müttəfiqi olan ərəb dövlətlərinə, həm də Körfəz boyunca yerləşən qonşularına hücum etmək qərarından sonra bu, artıq regional müharibəyə çevrilib.
Birləşmiş Krallıq ABŞ-ın öz bazalarından istifadə etməsinə icazə verməmək mövqeyindən geri çəkilib.
Müharibə hələ də genişlənir və telefonuma ard-arda xəbər bildirişləri gəlir.
Az əvvəl ABŞ Mərkəzi Komandanlığının yaydığı press-relizi oxudum; orada bildirilir ki, üç ABŞ F-15E Strike Eagle təyyarəsi Küveytin hava müdafiə qüvvələri tərəfindən "ehtimal olunan təsadüfi insident" nəticəsində vurulub.
Bu yazını bitirənə qədər daha çox raket atılacaq və böyük ehtimalla hazırda sağ olan insanlar həyatını itirəcək.
Müharibənin nə vaxt və necə bitəcəyi barədə hər hansı fikir formalaşdırmaq üçün hələ çox tezdir.
Müharibələr başladıqdan sonra onları nəzarətdə saxlamaq çətin olur. Amma tərəflərin onun necə başa çatmasını istədiklərinə dair bəzi ehtimallar var.
Trampın qələbə anlayışı
Prezident Tramp, hər zamankı kimi, müharibənin başladığını Florida ştatındakı Mar-a-Lago iqamətgahında lentə aldığı video müraciətdə elan edəndən bəri Amerikanın gücünə inamını nümayiş etdirib.
Digər prezidentlər bəlkə də Oval Ofisdəki Resolute masası arxasından daha rəsmi və ciddi müraciət etməyi seçərdilər.
Tramp yaxası açıq köynək və gözlərinin üstünə qədər endirilmiş ağ beysbol papağı geyinmişdi.
O, uzun ittiham siyahısını sadalayaraq bildirdi ki, İran 1979-cu il İslam İnqilabından bəri ABŞ üçün yaxın və qaçılmaz təhlükə olub.
Şəklin mənbəyi, US Navy via Getty Images
Tramp hər zaman fikrini dəyişə bilər, amma həmin çıxışında o, qələbə anlayışını belə tərif etdi. Bu, bir növ yoxlama siyahısına bənzəyirdi:
"Biz onların raketlərini məhv edəcəyik və raket sənayesini yerlə-yeksan edəcəyik. O, tamamilə, yenə deyirəm, tamamilə yox ediləcək.
Biz onların donanmasını məhv edəcəyik. Regiondakı terrorçu proksilərin artıq bölgəni və ya dünyanı sabitsizləşdirməsinə, qüvvələrimizə hücum etməsinə imkan verməyəcəyik və onların minlərlə, o cümlədən çoxlu sayda amerikalını ağır yaralayan və öldürən əldəqayırma partlayıcı qurğulardan və ya yolkənarı bombalardan istifadə etməsinə son qoyacağıq".
Tramp İranın ABŞ-a çata biləcək raketlər hazırladığını iddia etdi, lakin bu bəyanat ABŞ kəşfiyyatının qiymətləndirmələri ilə təsdiqlənmir.
O həmçinin İranın nüvə silahı hazırlamağa yaxın olduğunu söylədi ki, bu da ötən yay ABŞ-ın İranın nüvə obyektlərini "tamamilə məhv etdiyini" deməsi ilə ziddiyyət təşkil edir.
Şəklin mənbəyi, Getty Images
BBC News Azərbaycancanın xəbərlərini indi telefonunuzda ala bilərsiniz.
Buradan izləyin
WhatsApp reklamı-ın sonu
Tramp hesab edir ki, ABŞ İsraillə birlikdə Tehrandakı rejimi iflic vəziyyətinə sala bilər.
Əgər rejim təslim olmazsa, onun fikrincə, o qədər zəiflədiləcək ki, İran xalqı nəsillər boyu ilk dəfə olaraq hakimiyyəti ələ keçirmək üçün küçələrə çıxmaq şansı qazanacaq:
"Biz işimizi bitirəndə hökumətinizi ələ keçirin. Onu götürmək sizin işiniz olacaq. Bu, yəqin ki, nəsillər boyu yeganə şansınız olacaq. Uzun illərdir Amerikanın köməyini istəmisiniz, amma onu almamısınız.
Heç bir prezident bu gecə mənim etməyə hazır olduğumu etməyə hazır olmayıb. İndi isə sizə istədiyinizi verən bir prezidentiniz var. Gəlin görək, buna necə cavab verəcəksiniz."
Rejim dəyişikliyinə görə məsuliyyəti – birbaşa hərəkətə çağırsa belə – İran xalqının üzərinə qoymaq, rejim sağ qalacağı təqdirdə, Trampa gələcəkdə geri çəkilmək imkanı verə bilər.
Amma bu, eyni zamanda ABŞ üçün prosesi sona qədər aparmaq baxımından mənəvi məsuliyyət kimi də qiymətləndirilə bilər.
Bununla belə, "hər zaman bir razılaşma mümkündür" düşüncəsinə inanan bir prezidentə bunun nə dərəcədə təsir edəcəyi açıq sualdır.
Yalnız hava gücündən istifadə etməklə yaxşı silahlanmış bir rəqibə qarşı rejim dəyişmək və ya müharibə qazanmaq üçün presedent yoxdur.
2003-cü ildə ABŞ və müttəfiqləri, o cümlədən Birləşmiş Krallıq Səddam Hüseyni devirmək üçün İraqa genişmiqyaslı quru qoşunları göndərmişdi.
2011-ci ildə isə Liviyanın lideri Muəmmər Qəddafi NATO və Körfəz ölkələri tərəfindən silahlandırılan və onların hava qüvvələri tərəfindən qorunan üsyançılar tərəfindən devrilmişdi.
Tramp ümid edir ki, bu işi İran xalqı özü görə biləcək.
Şəklin mənbəyi, Anadolu via Getty Images
Trampın planı böyük riskdir. Təkcə bombardmanla rejim dəyişikliyinə nail olunması ehtimalı çox zəifdir.
Qərbyönlü daxili çevriliş baş verə bilərmi? Bu, mümkünsüz deyil, lakin müharibənin üçüncü günü baxımından qiymətləndirdikdə, olduqca az ehtimallıdır.
Daha real görünən ssenari odur ki, hazırda rejimi idarə edən şəxslər mövqelərini möhkəmləndirəcək, daha çox raket atacaq və ideologiya ilə, həmçinin ABŞ, İsrail və Ərəb Körfəzi dövlətlərindən daha çox ağrıya dözə biləcəkləri inamı ilə hərəkət edəcəklər.
Ən böyük əziyyəti isə uzun illərdir çətinlik çəkən İran xalqı yaşayacaq. Lakin bu məsələdə onların söz haqqı yoxdur.
Netanyahunun hesablaması
Donald Tramp kimi, Benyamin Netanyahu da iranlıları talelərini öz əllərinə almağa çağıran bəyanatlar verib.
Lakin əgər onlar rejimin amansız təhlükəsizlik qüvvələrini məğlub edə bilməsələr, Netanyahunun əsas prioriteti İranın hərbi imkanlarını və region boyunca İsraili təhdid edə biləcək silahlı qrupları yenidən qurmaq qabiliyyətini məhv etməkdir.
Onilliklərdir ki, Benyamin Netanyahu İranı İsrailin ən təhlükəli düşməni hesab edir.
O inanır ki, İslam Respublikasının rəhbərləri yəhudi dövlətini məhv etmək üçün nüvə silahı əldə etmək istəyirlər.
Şəklin mənbəyi, GPO HANDOUT/EPA/Shutterstock
Bazar günü, müharibənin ikinci günündə, o, Təl-Əvivdə, bəlkə də şəhərin mərkəzində yerləşən Müdafiə Nazirliyinin binasının damında dayanaraq müharibənin necə başa çatacağını öz baxışına görə izah etdi.
O dedi ki, İsrail və Amerika birlikdə "40 ildir nail olmağa ümid etdiyim şeyi – terror rejimini tamamilə məhv etməyi" bacaracaq.
Bu vədin reallaşmasını təmin edəcəyini də bildirdi.
Müharibələrin həmişə daxili siyasi ölçüsü olur.
Tramp kimi Netanyahu da bu ilin sonunda seçkilərlə üz-üzədir. Lakin Trampdan fərqli olaraq, onun şəxsi siyasi taleyi birbaşa risk altındadır.
Bir çox israilli 7 oktyabr 2023-cü ildə HƏMAS-a hücum imkanı yaradan təhlükəsizlik səhvlərinə görə Netanyahunu məsul sayır.
Əgər o, İsraili İran üzərində qəti qələbəyə aparan lider kimi çıxış edə bilsə, seçici bağışlanmasına doğru nəhəng addım atmış olacaq. Hətta məğlubedilməz belə ola bilər.
Sağ qalmaq yolu ilə qələbə
Ali liderin və onun yüksək rütbəli hərbi müşavirlərinin öldürülməsi rejim üçün ağır zərbə oldu. Lakin bu, mütləq onun süqut edəcəyi anlamına gəlmir.
Təxminən 50 il əvvəl Ayətullah Ruhullah Xomeyni və digər qurucular sistemi müharibələrə və sui-qəsdlərə davam gətirəcək şəkildə formalaşdırmışdılar.
Bu, bir nəfərlik idarəetmə deyil.
Suriyada Əsəd və Liviyada Qəddafi dövründə dövlət strukturları əsasən hakim ailələrin ətrafında qurulmuşdu.
Ailələr aradan götürüləndə – Qəddafi öldürüldü, Bəşər Əsəd isə qaçdı – rejimlər də dağıldı.
İranın rejimi isə siyasi və dini institutların mürəkkəb və sıx şəbəkəsinə əsaslanan dövlət sistemidir; səlahiyyətləri bir-biri ilə üst-üstə düşən strukturlar mövcuddur. Bu sistem müharibələrə və sui-qəsdlərə tab gətirmək üçün qurulub.
Bu, onun mütləq sağ qalacağı demək deyil. İslam Respublikasının sistemi ən ağır sınağı ilə üz-üzədir. Lakin o, məhz belə bir məqam üçün planlaşdırılıb.
Rejimin qələbə anlayışı sağ qalmaqdır. Buna nail olmaq üçün o, özünü son dərəcə güclü qoruma mexanizmləri ilə əhatə edib.
Şəklin mənbəyi, Reuters
Onun güclü və amansız təhlükəsizlik, repressiya və məcburetmə aparatı var.
Yanvar ayında əmrlərə əsasən minlərlə etirazçını öldürmək üçün küçələrə çıxmışdılar.
Hələlik - və qeyd etdiyim kimi, bu yazını yazarkən müharibənin cəmi üçüncü günüdür - Əsəd 2024-cü ilin dekabrında Moskvaya qaçdıqdan sonra ordusunun dağılması kimi bir vəziyyətin İranın silahlı qüvvələrində baş verdiyinə dair heç bir əlamət yoxdur.
Ənənəvi silahlı qüvvələr və yaxşı silahlanmış polis strukturlarından əlavə, rejimi ölkə daxilində və xaricdə qorumaq üçün açıq mandatı olan İslam İnqilabı Keşikçiləri Korpusu mövcuddur.
Bu qurum "vilayəti-fəqih" – yəni fəqihin himayədarlığı doktrinasının güc dayağı kimi fəaliyyət göstərir.
Bu, İranda İslam inqilabının əsas ideoloji prinsipidir və şiə dini liderlərinin hakimiyyətini əsaslandırır.
İslam İnqilabı Keşikçiləri Korpusunun təxminən 190 min aktiv hərbçisi və 600 minə qədər ehtiyat qüvvəsi olduğu güman edilir.
Dini doktrinadan əlavə, qurum iqtisadiyyatın böyük hissəsinə də nəzarət edir. Onun rəhbərlərinin sədaqətli qalmaq üçün həm ideoloji, həm də maliyyə səbəbləri var.
Korpusu könüllü yarımhərbi qüvvə olan "Bəsic" dəstəkləyir. Təxminən 450 min üzvü olduğu ehtimal edilən bu qurum rejimə sədaqəti və zorakı davranışları ilə tanınır.
2009-cu ildə mübahisəli seçkilərdən sonra baş verən etirazlar zamanı Tehranda onları rejimin ilk müdafiə xətti kimi fəaliyyətdə görmüşdüm: küçələrdə etirazçıları hədələyir, dəyənəklər və rezin çubuqlarla döyürdülər.
Onların arxasında ağır silahlanmış polis və İnqilab Keşikçiləri dayanırdı.
"Bəsic"in şəhər boyu motosikletlərlə sürətlə hərəkət edərək narazılıq ocaqlarını dağıdan mobil dəstələri də var idi.
Donald Tramp İnqilab Keşikçiləri və "Bəsic"i silahı yerə qoymasalar, qaçılmaz ölüm gözlədiyi ilə hədələyib "xoş olmayacaq" demişdi.
Lakin bu təhdidlərin rejimin silahlı qüvvələri arasında çoxlarını fikrindən döndərəcəyi inandırıcı görünmür.
İslam Respublikası və şiə İslamı şəhidlik anlayışı ilə dərindən bağlıdır.
Bazar günü saatlarla rəsmi xəbərlərdə ali liderin sağlam və təhlükəsiz olduğu iddia edildikdən sonra, dövlət televiziyasının ağlayan xəbər aparıcısı Xameneinin ölümünü elan edərək dedi ki, o, "şəhidlikdən gələn şirin və saf içkini içib".
Bəzi ciddi İran analitikləri hesab edirlər ki, Ayətullah Tehrandakı iqamətgahında yüksək rütbəli müşavirləri ilə görüşə getmişdi, halbuki dünyanın böyük hissəsi hücumun yaxın olduğuna inanırdı, çünki o, şəhid olmağı arzulayırdı.
Rejimin mərkəzində vətəndaş loyalistləri var. Ali liderin öldürülməsindən sonra Tehran küçələrinə minlərlə insan çıxdı - matəm günlərinin birincisində. ABŞ və İsrail hava zərbələrinin yaratdığı tüstü dumanına baxmayaraq onlar ictimai meydanlarda toplaşaraq şamlar yandırır və mobil telefonlarının işıqlarını qaldırırdılar.
Pis presedentlər
Amerikalılar hesab edirlər ki, bu dəfə onların xam gücü - İsraillə birlikdə - düşmən üzərində rejim dəyişikliyini tətbiq edə bilər, amma fəlakət yaratmadan.
Lakin presedentlər yaxşı deyil.
2003-cü ildə İraqda Səddam Hüseynin devrilməsi faciəyə səbəb oldu — uzun illər davam edən müharibələr, hələ də mövcud olan cihadçı ekstremist hərəkətlərin formalaşmasına şərait yaratdı.
Liviya, kiçik əhalisinə Qərb standartlarında həyat verə biləcək qədər nefti olan bir ölkə Qəddafi devrilib öldürülməsindən 15 il sonra dağılmış, kasıb və uğursuz dövlətə çevrilib.
Onun devrilməsini alqışlayan və bunu həyata keçirən Qərb ölkələri, ölkə parçalandıqdan sonra məsuliyyətdən, demək olar ki, əl çəkmiş oldular.
İran böyük bir ölkədir, İraqdan təxminən üç dəfə böyükdür və 90 milyondan çox multi-etnik əhalisi var. Əgər İran rejimi süqut edərsə, kabus ssenarisi odur ki, yaranacaq qarışıqlıq, xaos və qan tökülməsi Suriyada və İraqda yüz minlərlə insanın öldüyü vətəndaş müharibələri ilə rəqabət apara bilər.
ABŞ və İsrailin hərbi əməliyyatları İranın hərbi imkanlarını məhv edir. Bu, rejim sağ qalsa belə, Yaxın Şərqdə vəziyyəti dəyişdirir.
Bir çox insan, ehtimal ki, əksər iranlılar, rejim süqut etsə, sevinərdi. Amma zorla devrilmiş rejimi sülhsevər, tutarlı bir alternativlə əvəz etmək böyük bir çətinlik olardı.
Trampın riskli hesablaması budur ki, bu mümkündür, bu müharibə Yaxın Şərqi daha yaxşı və daha təhlükəsiz bir yerə çevirə bilər.
Lakin bunun baş vermə ehtimalı çətin və azdır.
Fotolar: AFP via Getty Images