Təl-Əvivdə hücum: ölən və yaralananlar var

Şəklin mənbəyi, Reuters
İsrailin Təl-Əviv şəhərində avtomobillə edilən hücum nəticəsində bir nəfər ölüb, daha yeddi nəfərin yaralandığı xəbər verilir.
Maşını insanların üstünə sürən şəxs polis atəşi ilə öldürülüb. Onun kimliyi müəyyən edilir.
Ölən şəxsin 36 yaşlı İtaliya vətəndaşı olduğu təsdiqlənib. Bundan əvvəl baş verən daha bir hücum iki britaniyalı qadının ölümü ilə nəticələnib.
İsrail polisinin bu həftənin əvvəlində ard-arda iki gecə Qüdsdəki Əl-Əqsa məscidinə reyd keçirməsindən sonra bölgədə gərginlik artıb.
Məscid İslamın üçüncü ən müqəddəs məkanıdır və İsrailin basqınları içəridə fələstinlilərlə şiddətli qarşıdurmalara səbəb olub və daha geniş bölgədə qəzəb doğurub.
İsrail ordusu cümə günü gecə saatlarında Qəzza zolağı və Livana hava hücumu təşkil edib, Livanın cənubunda HƏMAS-ın "terrorçu" infrastrukturunun vurulduğunu açıqlayıb.
Bu hücumlar Livandan İsrailə olan və israillilərin HƏMAS-ı günahlandırdığı raket atəşlərindən sonra baş verib.
İsrail Müdafiə Qüvvələri Livanın cənubunda HƏMAS-ın "terrorçu" infrastrukturunun vurulduğunu bildirib.
İsrailin baş naziri Benyamin Netanyahu bu həftə iki dəfə Qüdsdəki Əl-Əqsa məscidinə reyd keçirən İsrail təhlükəsizlik qüvvələrinə cavab olaraq, cümə axşamı qarşı tərəfin raket hücumlarına sərt cavab verəcəyini vəd etmişdi.

Şəklin mənbəyi, Getty Images
BBC News Azərbaycancanın xəbərlərini indi telefonunuzda ala bilərsiniz.
Buradan izləyin
WhatsApp reklamı-ın sonu
Cümə günü Qəzzada çoxsaylı partlayış səsləri eşidilib və AFP xəbər agentliyi HƏMAS-ın çoxlu təlim meydançalarının vurulduğunu bildirib.
Reuters İsraildə Qəzza zolağı yaxınlığında siren səslərinin eşidildiyini yazıb.
Səhər sübh çağı İsrail ordusu Livanın cənubundakı HƏMAS hədəflərini vurduğunu bildirib, Raşidiya Qaçqınlar Düşərgəsi yaxınlığında yaşayanlar üç partlayış səsi eşitdiklərini bildiriblər.
Raket atəşləri zaman Livanda olan HƏMAS rəhbəri İsmayıl Haniyə deyib ki, fələstinlilər İsrailin təcavüzü qarşısında “qollarını çarpaz vəziyyətdə oturmayacaqlar”.
Cümə günü səhər saatlarında verdiyi açıqlamada İsrail Müdafiə Qüvvələri Twitter hesabında "Livanın cənubunda HƏMAS-a aid terror infrastrukturları" olduğunu bildirib.
İsrail Müdafiə Qüvvələri əlavə edib ki, HƏMAS-ın Livanda fəaliyyət göstərməsinə icazə verməyəcək və Livan "öz ərazisindən çıxan hər bir atəşə görə məsuliyyət daşıyır".
İsrailin İordan çayının qərb sahilində keçirdiyi reydlər nəticəsində ilin əvvəlindən bu yana aralarında mülki vətəndaşların da olduğu ən azı 29 nəfər həyatını itirib.
Keçən il bölgədə 150-dən çox fələstinli öldürülüb. Fələstinin İsrailə qarşı hücumları nəticəsində isə aralarında mülki vətəndaşlar, əsgərlər və polislərin də olduğu 30-dan çox insan həlak olub.
























