Paşinyan Bakının Zəngəzur dəhlizi haqqında bəyanatlarını "qəribə" adlandırıb

Ermənistan Baş nazir vəzifəsini icra edən

Şəklin mənbəyi, EPA

Ermənistan Baş nazir vəzifəsini icra edən Nikol Paşinyan Azərbaycanın Ermənistan üzərindən Zəngəzur dəhlizi haqqında bəyanatlarını "qəribə" adlandırıb.

O bu barədə həftəsonu Ermənistan paytaxtının Avan icmasında rəhbərlik etdiyi Vətəndaş Müqaviləsi Partiyası fəalları ilə görüşü zaman danışıb.

Paşinyan qeyd edib ki, Ermənistan sənayesinin inkişafı regionda "çox sıx" kommunikasiyaların açılması ilə bağlıdır.

"Bizi kommunikasiyaların açılması ilə qorxutmaq istəyirlər, hansısa dəhlizlərdən danışırlar. Doğrusu, Azərbaycan rəhbərliyinin bu barədə bəyanatları bir qədər qəribədir", - o deyib.

Paşinyan kommunikasiyaların üzərindən blokadanın götürülməsi məsələsindən bəhs edilən iki üçtərəfli (Rusiya-Ermənistan-Azərbaycan) bəyanat qəbul olunduğunu xatırladıb.

Onun sözlərinə görə, söhbət sadəcə sərhədlərin açılmasından gedirsə, erməni tərəfinin dəhlizlə bağlı heç bir problemi yoxdur.

"Biz heç vaxt rəsmi və ya qeyri-rəsmi dəhliz, ərazi təqdim etmək mövzusunu müzakirə etməmişik, söhbət Meğridən gedir,"- Paşinyan bəyan edib.

Bununla belə o əlavə edib ki, kommunikasiyaların açılması Ermənistanın maraqlarına xələl yetirə bilməz.

Eyni zamanda, Paşinyan deyib ki, qlobal və regional barışıq gündəmini nəzərə almaq və anlamaq lazımdır ki, dünyada heç bir məsələ yalnız bir tərəfin maraqlarına uyğun həll olunmur.

"Belə şey ola bilməz. Hər bir məsələ yalnız bir neçə tərəfin əsas maraqları nəzərə alınmaq şəraitində həll olunur," - o bəyan edib.

Paşinyan ilk mərhələdə dəmir yollarının açılmasını vacib saydığını qeyd edib. "Söhbət Sovet İttifaqı dövründə fəaliyyət göstərən dəmir yollarından gedir," - o qeyd edib.

Ötən gün Bakıda Türkiyənin nəqliyyat və infrastruktur naziri Adil Karaismailoğlu ilə görüşü zamanı Prezident İlham Əliyev bildirib ki, Ermənistan ərazisində Zəngəzur dəhlizinin önəmli hissəsi inşa edilməlidir.

"Müharibədən sonra ilk mərhələdə Ermənistan bu məsələ ilə bağlı öz etirazını bildirmişdir. Ancaq son vaxtlar mənə məlumat verilir ki, Ermənistan tərəfi də artıq bu dəhlizin qaçılmaz olması ilə bağlı məsələləri düzgün təhlil edir", - Prezident Əliyev qeyd edib.

İkinci Qarabağ müharibəsi bitəndən sonra Azərbaycan və Ermənistan rəhbərləri regionda kommunikasiyaların bərpası, quru yolla dəhliz açılması kimi məsələlərdən bəhs edərkən birdən-birə ritorikanın sərtləşdiyi müşahidə edildi. Söhbət Azərbaycan Prezidenti İlham Əliyevin "Zəngəzur hədəsindən", Paşinyanın "Naxçıvan dəhlizi" eyhamından gedir.

İlham Əliyev deyib ki, Ermənistan istəsə də, istəməsə də Zəngəzur dəhlizi açılacaq. "İstəməsə, zorla həll edəcəyik,"- Azərbaycan Prezidenti vurğulayıb.

Nikol Paşinyansa bildirib ki, o zaman "Ermənistan da eyni məntiqlə "Naxçıvan dəhlizi"ndən söz aça bilər.