Nikol Paşinyan İlham Əliyevlə "görüşə hazırdır"

Şəklin mənbəyi, primeminister.am
Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycan Prezidenti İlham Əliyevlə görüşə "hazır olduğunu" bildirib. İlham Əliyev Tərtərin Suqovuşan qəsəbəsinə və Talış kəndinə gedən avtomobil yollarının açılışını edib - daha ətraflı BBC News Azərbaycancanın icmalında.
Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycan Prezidenti İlham Əliyevlə görüşə hazırdır.
"Mən əlimizdə olan bütün xəritələri özümlə gətirməyə hazıram və Azərbaycan Prezidentini bütün əsirlərimizi də özü ilə gətirməyə çağırıram", - O, bazar günü Vilnüsdə erməni icması ilə görüşündə deyib.
Nikol Paşinyan söyləyib ki, söhbət humanitar xarakterli və praktiki hərbi əhəmiyyəti olmayan xəritələrdən gedir, çünki xəritələrdə göstərilən ərazilər Azərbaycan silahlı qüvvələrinin "arxa xəttində" yerləşir, - "Sputnik"in Ermənistan xidməti yazır.
İlham Əliyev oktyabrın 2-də İspaniyanın EFE agentliyinə müsahibəsində deyib ki, "cənab Paşinyanla, o hazır olanda istənilən zaman danışmağa hazırdır".
Onun sözlərinə görə, bu, müharibənin bitdiyinin və həmin "səhifənin çevrildiyinin yaxşı göstəricisi" ola bilər.
Rəsmi Bakı Azərbaycanda saxlanan erməni hərbçiləri "əsir" hesab etmir və onları ökənin Cinayət Məcəlləsi əsasında mühakimə edib.
Paşinyan deyib ki, Ermənistan hələ iyul ayında Azərbaycan tərəfi ilə yüksək səviyyədə görüşlərə hazır olduğunu bildirib.
"Deyə bilərəm ki, biz ATƏT-in Minsk Qrupu həmsədrlərinin Dağlıq Qarabağ münaqişəsinin danışıqlar prosesini bərpa edərək həll edilməsinin zəruriliyini dəfələrlə bildirdikləri bəyanatları artıq bir neçə dəfə alqışlamışıq", - Paşinyan bildirib.
İlham Əliyev sentyabrın 28-də "France-24" kanalına müsahibəsində Qarabağ müharibəsinin "bitdiyini" və münaqişənin "həll olunduğunu" deyib.
Azərbaycan Prezidenti həmin müsahibədə söyləyib ki, Minsk qrupunun həmsədrləri iki ölkə liderinin görüşü təklifi ilə çıxış etsə, Azərbaycan "buna qarşı çıxmaz".
Nikol Paşinyan İlham Əliyevin mina xəritələri ilə bağlı narazılığına münasibət bildirərək deyib ki, Yerevan "əlində olanları verib".
Bu il iyulun 12-də Ermənistan Ağdam rayonu üzrə 97 min tank və piyada əleyhinə minanı özündə əks etdirən xəritələri Azərbaycan tərəfinə təqdim etməsi müqabilində saxlanılan 15 erməni hərbçi Ermənistana təhvil verilib.
Prezident İlham Əliyev "CNN Türk"ə müsahibəsində Ermənistanın Azərbaycana təqdim etdiyi mina xəritələrinin dəqiqliyinin "şübhə doğurduğunu", onların dəqiqliyinin "25 faiz" olduğunu bildirmişdi.
Ermənistanın Baş naziri erməni icması nümayəndələri ilə görüşündə söyləyib ki, nə Bakı, nə də Yerevan bir-birinə güvənir, ancaq tərəflər "ən azından bir növ etimad formalaşdırmaq üçün kiçik addımlarla" irəliləməyə çalışırlar.
Nikol Paşinyan hesab edir ki, bu inam humanitar problemlərin həlli, o cümlədən saxlanılan ermənilərin vətənlərinə qayıtması baxımından vacibdir.
O hesab edir ki, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi prosesi 2020-ci ilin yazında döyüş əməliyyatlarından əvvəl çıxılmaz vəziyyətə düşmüşdü.
"Proses o yerə çatıb ki, erməni tərəfi yeddi rayonu [Dağlıq Qarabağ ətrafında] təhvil verməli idi, Qarabağ isə heç bir statusa, o cümlədən müvəqqəti statusa malik olmamalı idi. Əgər məndən soruşsanız, Qarabağ məsələsinin nizamlanması arxitekturası 1998-1999-cu illərdə bitmişdi. Birincisi, Qarabağ danışıqlar prosesindən xaric edilmişdi, bununla da beynəlxalq birlik tərəfindən tanınan yeganə statusdan məhrum olub", - o qeyd edib.
Paşinyanın sözlərinə görə, tanınmamış respublikanın nümayəndələri danışıqlar prosesindən Ermənistanın təşəbbüsü ilə xaric edilib.
"Bu barədə tək mən demirəm, bu barədə Rusiya xarici işlər naziri Lavrov bəyan edib. İkincisi, Ermənistan 1999-cu ildə milli azlıqların siyasi, etnik və mədəni hüquqlarının həllini ölkə ərazi bütövlüyü çərçivəsində nəzərdə tutan İstanbul xartiyasını imzalayıb", - o əlavə edib.
Ermənistan Baş naziri, həmçinin bəyan edib ki, "Qarabağ üzrə vaxtilə keçirilən danışıqlar prosesi fake (saxta) olub".
"Nə üçün müharibə daha əvvəl yox, 2020-ci ildə başladı? Xatırlamalıyıq ki, 2016-cı ildə bu zəng səslənmişdi. Hələ 2016-cı ilin yanvarında Minsk qrupunun həmsədrləri Ermənistandan tələb edirdi ki, biz Dağlıq Qarabağa müvəqqəti aralıq statusu verilməsi tələbindən imtina edək. Əlbəttə, erməni tərəfi razılaşmadı və 2016-cı il apreldə döyüş əməliyyatları başladı", - Paşinyan deyib.
O qeyd edib ki, döyüş əməliyyatlarına yol verilməməsi yalnız Dağlıq Qarabağın ətrafındakı rayonların qeyd-şərtsiz geri qaytarıldığı halda mümkün olardı.

Şəklin mənbəyi, Azertag
Azərbaycan Prezidenti Tərtərin Suqovuşan qəsəbəsinə və Talış kəndinə gedən avtomobil yollarının açılışını edib, Talış-Tapqaraqoyunlu-Qaşaltı-Naftalan avtomobil yolunun təməlini qoyub.
Azərbaycan Prezidentinin mətbuat xidmətinin məlumatına əsasən, İlham Əliyev "Tərtər rayonunun Talış kəndində və Suqovuşan qəsəbəsində Azərbaycan bayrağını ucaldıb, Talış kəndində ermənilər tərəfindən dağıdılmış alban-udi və pravoslav kilsələrində olub."
Prezident Əliyev "Suqovuşan-1" və "Suqovuşan-2" Kiçik Su Elektrik stansiyalarının "yenidənqurmadan sonra açılışını edib."
Əliyev "Vətən müharibəsi zamanı Ermənistan silahlı qüvvələrinin "Smerç" raketləri ilə hücumu nəticəsində Tərtər şəhərinin sakini Sahib İsmayılovun dağılmış evinə baxıb və onun yerinə inşa edilən yeni evdə yaradılan şəraitlə tanış olub", rəsmi məlumatda deyilib.
Azərbaycan Prezidenti "Ermənistan silahlı birləşmələri tərəfindən Tərtər rayonuna müxtəlif tipli reaktiv yaylım atəşi sistemləri və artilleriya qurğularından atılmış mərmilərə baxıb", rəsmi məlumatda deyilib.
Bərdə şəhərində İlham Əliyev "Peşə Liseyinin açılışında iştirak edib."
Əliyev: "Status məsələsinə qayıtmaq mümkün deyil, status yoxdur "
Azərbaycan prezidenti qeyd edi ki, "bu gün, müharibə bitəndən və münaqişə öz həllini tapdıqdan sonra ... artıq mövcud olmayan "qurumun" statusu haqqında danışmağın yeri yoxdur."
"Çünki Dağlıq Qarabağ mövcud deyil. Bizim ərazimizdə belə inzibati vahid yoxdur", Əliyev vurğulayıb.
O xatırladıb ki, bu il iyulun 7-də Azərbaycanın iqtisadi zonalarının yeni konfiqurasiyası ilə bağlı fərman imzalayıb, "Qarabağ və Şərqi Zəngəzur iqtisadi zonaları" yaradılıb və "onlar bütün bu ərazini əhatə edir."
"Bu gün Rusiya sülhməramlılarının məsuliyyət daşıdığı ərazidə - Qarabağda yaşayan 25 minə yaxın etnik erməni bizim vətəndaşlardır. Onların fərqli dini və ya etnik mənşəyi olan istənilən digər Azərbaycan vətəndaşı kimi eyni hüquqları, imtiyazları və öhdəlikləri olacaq", - Əliyev söyləyib.
"Status məsələsinə qayıtmaq mümkün deyil, status yoxdur və hər kəs bu məsələni unutmalıdır", - Azərbaqycan Prezidenti fikrini bu sözlərlə yekunlaşdırıb.
- “Qarabağa sement daşıyan” İran sürücüləri saxlanıb
- Azərbaycan polisi Gorus-Qafan yolunda İran nömrəli maşınları yoxlayır
- İranlı sürücülər Yerevanda: "Erməni maşını keçir, İran maşınını saxladır"
- Naxçıvan üzərindən Türkiyəyə çəkiləcək dəmiryolu xətti: "Böyük oyunçuların qazancı daha çox olacaq"
- Ermənistanın “Avropaya açılan pəncərəsi” – Türkiyə: Yerevan və Ankara arasında münasibətlərin normallaşacağı doğrudurmu?
ABŞ-ın Ermənistandakı səfiri Lynne Tracy "Dağlıq Qarabağın statusu" məsələsinə bir neçə dəfə toxunaraq "biz Dağlıq Qarabağın statusunu həll olunmuş hesab etmirik" deyib. ABŞ diplomatı əlavə edib ki, onun ölkəsi bu məsələni Minsk qrupunun gündəliyində saxlamağa davam edəcək.





























