Bibiheybət yolu sürüşməyə görə bağlanıb

Şəklin mənbəyi, APA
Bazar günü gecə saatlarında Bibiheybətdən paytaxta gediş istiqamətində torpaq sürüşməsi baş verib və yolun bir hissəsi dağılıb.
Sürüşmə olan əraziyə baxış keçirilib və görüləcək işlərlə bağlı aidiyyatı orqanlarla birlikdə qərar veriləcək, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin sözçüsü Anar Nəcəfli BBC News Azərbaycancaya deyib ki, yolun təxminən 100 metrlik hissəsi dağılıb.
"Ərazi sürüşmə nöqtəsindədir və intensiv yağışlar nəticəsində sürüşmə daha da aktivləşib, torpaq uçqunu olub və istinad divarı uçub. Nəticədə yolun hərəkət hissəsi üst hissədən dağılıb".
Qurumun sözçüsü yolun 2010-cu ildə salındığını və sürüşmə əleyhinə işlərin görüldüyünü, istinad divarlarının qoyulduğunu söyləyib.
Baş Nazir Əli Əsədov, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov, Səbail Rayon İcra Hakimiyyətinin başçısı Vüqar Zeynalov və digər qurumların rəhbərləri hadisə yerinə baxış keçiriblər.
Hazırda yolun sürüşmə olan hissəsinə yaxın ərazidə avtomobillərin hərəkətinə məhdudiyyət qoyulub, sürücülər alternativ yollara yönləndirilir.























