Respublika Perinatal Mərkəzində yanğın: “3 vəzifəli şəxs məsuliyyətə cəlb edilib”

Şəklin mənbəyi, FHN
Baş Prokurorluq Respublika Perinatal Mərkəzində yanvarın 9-da 4 körpənin ölümü və bir neçə nəfərin tüstüdən zəhərlənməsi ilə nəticələnən yanğınla bağlı 3 vəzifəli şəxsi cinayət məsuliyyətinə cəlb edib.
Qurum çərşənbə günü yaydığı məlumatda bildirib ki, Respublika Perinatal Mərkəzin rəhbəri Mehriban Abasquliyeva, Anesteziologiya, reanimasiya və intensiv terapiya şöbəsinin müdiri Hamlet Mustafayev və Dəstək xidmətləri şöbəsinin müdiri Elnur Əhmədli barəsində məhkəmə qərarıyla ev dustaqlığı və vəzifədən kənarlaşdırma növündə qətimkan tədbirləri seçilib.
Onlar ehtiyatsızlıqdan və səhlənkarlıqdan yanğın təhlükəsizliyi qaydalarını pozmaqla iki və daha çox şəxsin ölümünə səbəb olmaqda ittiham olunurlar.

Şəklin mənbəyi, FHN
Cinayət məsuliyyətinə cəlb edilmiş şəxslərin bu ittihamlara münasibəti bəlli deyil.
Baş Prokurorluq bildirib ki, Mehriban Abasquliyeva müəssisədə yanğın təhlükəsizliyi qaydalarına riayət edilməsi işini düzgün təşkil etməməkdə ittiham olunur.
Qurum tibb müəssisənin digər vəzifəli əməkdaşları Hamlet Mustafayev və Elnur Əhmədli barəsində isə müəssisədə standartlara uyğun olmayan elektrik cihazlarından istifadə edilməsi, elektrik cihazlarındakı nöqsanların vaxtında aradan qaldırılmaması, eləcə də çoxsaylı tibbi avadanlıqların nizamsız şəkildə xəstələrin müalicə alındığı palatalarda yerləşdirilməsi ilə bağlı əsaslı şübhələr müəyyən etdiyini açıqlayıb.
Baş prokuror Kamran Əliyev yerli mediaya müsahibəsində Respublika Perinatal Mərkəzində baş verən yanğının ilkin ehtimallara görə “elektrik mənşəli” olduğunu bildirib.
TƏBİB: "yenidoğulmuşlardan 8-i tam sağlam şəkildə evə yazılıb"

Şəklin mənbəyi, FHN
Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi (TƏBİB) isə çərşənbə günü yaydığı bəyanatda Respublika Perinatal Mərkəzindən digər tibb müəssilərinə təxliyə olunan yenidoğulmuşlardan 8-nin “tam sağlam şəkildə evə yazıldığını” açıqlayıb.
“Hazırda müalicəsi davam etdirilən 50 uşaqdan 38-nin vəziyyəti stabil, 6-nın vəziyyəti orta ağır, digər 6-nın vəziyyəti isə qənaətbəxşdir”, - TƏBİB-in məlumatında qeyd olunub.
Qurumun açıqlamasına görə, uşaqların müalicəsi Yeni Klinika, Mərkəzi Neftçilər Xəstəxanası, Kliniki Tibbi Mərkəz, Kliniki Tibbi Mərkəzin nəzdindəki Ə.Qarayev adına 2 saylı Uşaq Xəstəxanası, Sumqayıt Tibb Mərkəzinin nəzdindəki Perinatal Mərkəz, Respublika Klinik Xəstəxanası, Sabunçu Tibb Mərkəzi və Xətai Tibb Mərkəzində davam etdirilir.


























