Azərbaycan və Ermənistan nazirləri ABŞ-da görüşdü: Bu nə deməkdir?

Ceyhun Bayramov (solda), Antony Blinken (mərkəzdə), Ararat Mirzoyan (sağda)

Şəklin mənbəyi, Getty Images

Şəklin alt yazısı, Ceyhun Bayramov (solda), Antony Blinken (mərkəzdə), Ararat Mirzoyan (sağda)
Oxuma vaxtı: 3 dəq

Cümə axşamı günü Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov, Ermənistan xarici işlər naziri Ararat Mirzoyan və ABŞ-ın dövlət katibi Antony Blinken arasında ABŞ-ın New-York şəhərində üçtərəfli görüş olub.

Məlumata görə, görüşdə ABŞ rəsmisi sülh sazişinin regiona sabitlik və rifah gətirəcəyini deyib.

"Antony Blinken hər iki naziri Ermənistan və Azərbaycanın davamlı və ləyaqətli sülh yolunda əldə etdikləri tərəqqiyə görə təqdir edib və hər iki ölkəni sazişi mümkün qədər tez yekunlaşdırmaq üçün davamlı tərəqqiyə təşviq edib", - görüşdən sonra ABŞ Dövlət Departamenti elan edib.

Bundan əvvəl eyni təkibdə görüş iyul ayının 10-da baş tutub.

Bakıda siyasi təhlilçi Əhməd Əlili BBC News Azərbaycancaya deyib ki, nazirlərin ABŞ-da görüşündən xüsusi bir gözləntisi yoxdur, çünki görüş ölkə rəhbərləri səviyyəsində deyil.

Amma təhlilçiyə görə, Azərbaycan XİN başçısının görüşə qatılması onu göstərir ki, Bakı Qərbi, Ermənistanı silahlandırmaqda günahlandırsa da, ABŞ vasitəsi ilə danışıqlara razıdır və bu platformaya qatılır.

Ermənistanın Baş naziri Nikol Paşinyan dünən BMT-də keçirilən debatda deyib ki, onun hökuməti Cənubi Qafqazda münaqişənin bitməsində maraqlıdır.

"Ermənistan Azərbaycanla sülh sazişi imzalamağa hazırdır. Erməni tərəfi sülh müqaviləsinin artıq razılaşdırılmış maddələrini Bakıda COP29-a qədər imzalamağı təklif edib ki, bununla da sülh prosesinin irəliləməsi üçün əlverişli mühit yaradılsın". Nikol Paşinyan bildirib.

Bakı və Yerevan son vaxtlar sülh müqaviləsi üzrə danışıqlarda dalana dirənib. Digər tərəfdən, iki ölkənin sərhədlərinin delimitasiyası sahəsində irəliləyiş var.

İlham Əliyev danışıqlar barədə nə deyib?

WhatsApp reklamı-ı bağlayın və oxumağa davam edin
WhatsApp kanalımızı izləyin

BBC News Azərbaycancanın xəbərlərini indi telefonunuzda ala bilərsiniz.

Buradan izləyin

WhatsApp reklamı-ın sonu

Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 23-də Milli Məclisdə sülh danışıqları barədə deyib ki, "Ermənistan bu məsələni süni şəkildə uzadır".

Onun sözlərinə görə, Ermənistan sonuncu dəfə 70 gün sonra sülh sazişi layihəsinin mətninə öz cavabını göndərib.

"Bu cavab nədən ibarət idi? Bütün razılaşdırılmamış müddəalar onların variantında sülh müqaviləsindən çıxarıldı. Yəni, bu dərəcədə primitiv və qeyri-adekvat addım, sözün düzü, gözlənilən deyildi. Mətndən çıxarılmış, yəni, onların istəyi ilə çıxarılması nəzərdə tutulan müddəalar vacibdir. Onlarsız sülh müqaviləsi natamam olacaq", - İlham Əliyev deyib.

Prezident yekunda deyib ki, Azərbaycanın şərtləri yerində qalır.

"Ermənistanı silahlandıranlar bilməlidirlər ki, bütün gələcək hadisələrə birbaşa onlar cavabdehlik daşıyacaqlar və təbii olaraq, bizə qarşı rəsmi ərazi iddialarına son qoyulmalıdır. Onların konstitusiyasına dəyişiklik edilməlidir, Minsk qrupu da ləğv olunmalıdır".

Tərəflər sülh sazişində müddəaların 80 faizini razılaşdırdığını bəyan edib, amma detallar ictimaiyyətə bəlli deyil.